"Siyasətçilərin dövlət, xalq qarşısında çox ciddi öhdəlikləri var. Onlar dürüst olmalı, onlar üzərlərinə götürdükləri missiyanı düzgün şəkildə yerinə yetirməlidirlər".
Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az - a açıqlamasında bildirib. O qeyd edib ki, siyasətçilər öz fərdi maraqlarını deyil, toplumun maraqlarını daha çox güdməlidirlər: "Cəmiyyətin inkişafı üçün çalışdıqlarını fəaliyyətləri ilə göstərməlidirlər. Bacarmadıqları halda bunu etiraf etməli, geri çəkilməli, digərlərinə yol verməlidirlər. Ümumiyyətlə siyasətçilərin, siyasi proseslərin cəmiyyətin, toplumun inkişafı üçün mühüm rolu var. Siyasətçilər gördükləri işlərlə bağlı cəmiyyətə hesabat, məlumat verməlidirlər. İrəli sürdükləri planların, açıqladıqları proqramların icrası üçün çalışmalıdırlar. Buna əməl edən siyasətçilər qalib gəlir, digərləri isə məğlubiyyətə düşar olurlar".
Pərvanə Fərhadqızı












