Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Suriyada uçan binanın dağıntıları altında dünyaya gələn qız uşağı övladlığa götürmək üçün minlərlə insan müraciət edib.

QHT.az xəbər verir ki, Suriyanın şimal-şərqindəki Afrinin Cinderes qəsəbəsində dağıntılar altında dünyaya gələn Aya (möcüzə) körpə xilas edilən zaman hələ də anasına göbək bağı ilə bağlı idi.

Körpə Ayanın anası, atası və 4 bacısı dağıntılar altında qalaraq həyatını itirib. Aya hazırda xəstəxanadadır.

"Bazar ertəsi xəstəxanaya çox pis vəziyyətdə gətirildi, şişləri və qançırlar var idi, soyuq idi və nəfəs almaqda çətinlik çəkirdi" dedi kiçik körpəyə baxan pediatr Hani Marouf.

Körpənin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir. Ayanın xilasetmə görüntüləri sosial şəbəkədə geniş şəkildə izlənilib. Görüntülərdə bir kişinin toz basmış körpəni dağıntılar altından çıxarması əks olunub.

Ailənin uzaq qohumu Halil əl-Suvaydi Ayanı dağıntılar altından çıxardıqdan sonra Afrində xəstəxanaya aparıb.

Sosial şəbəkələrdə minlərlə insan körpəni necə övladlığa götürə biləcəklərini soruşub. Bir nəfər “Onu övladlığa götürmək və ona yaxşı həyat bəxş etmək istəyirəm” deyərkən, Küveyt televiziyasının aparıcısı “Hüquqi proseslər problem olmasa, mən bu körpəyə qulluq etməyə və övladlığa götürməyə hazıram” ifadələrdən istifadə etmişdir.