Təhsil islahatları kolleclərə yeni nəfəs verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunlarının son illərdə MİQ-in test imtahan mərhələsində göstərdiyi nəticələr bunu deməyə əsas verir ki, təhsil sistemində aparılan mütərəqqi islahatlar orta ixtisas təhsili pilləsindən də yan keçməyib.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, Ümid Sosial İnkişafa dəstək İctimai Birliyi sədri İsrayıl İsgəndərov QHT.az-a bildirib ki, bu ilki fəaliyyətimizin ən əsas göstəricilərindən biri Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə keçirdiyi müsabiqənin nəticələrində son 2 ilin məzunlarının göstərdiyi nəticələrdir: “Bu il keçirilən MİQ test imtahan mərhələsində “Texnologiya müəllimliyi” ixtisasının bu ilki məzunlarının 40%-i iştirak edib, məzunlarından 50 nəfəri 40 baldan çox bal toplayıb, universitet məzunları ilə rəqabətdə bu ixtisas üzrə ən yüksək nəticəni kollecin məzunu toplayıb (92,5 bal), 13 nəfəri (32%-i) isə 80 və ondan çox bal, 31 nəfəri 70 və ondan çox bal toplayıb. “Fiziki tərbiyə müəllimliyi” ixtisasının bu ilki məzunlarının 44%-i MİQ-in test imtahan mərhələsində iştirak ediblər, bu ixtisasın məzunlardan 22 nəfər 40-dan, 14 nəfəri 50-dən, 7 nəfəri 60-dan, 2 nəfəri 70-dən çox toplayıb və “Təsviri incəsənət müəllimliyi” ixtisasının bu ilki məzunlarının 18-i MİQ-in test imtahan mərhələsində iştirak edib. 9 nəfəri 40-dan, 7 nəfəri 50-dən, 6 nəfəri 60-dan, 2 nəfəri 70-dən çox bal toplayıb”.

 

Pərvanə Fərhadqızı