Sentyabrın 7-də Azərbaycan Texniki Universitetində “Təhsilin İnkişafı Forumu”na hazırlıq məqsədilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyənin TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş, SABAH.hub-ın Baş icraçı direktoru Rəhim Bayramlı, Azərbaycan Dövlət İqtisad Universitetinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, eləcə də ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbirin universitet-sənaye işbirliyini dəstəkləyən təhsil və iqtisadiyyatın inteqrasiyası mövzusuna həsr olunmuş “Təhsilin İnkişafı Forumu”nun keçirilməsi ilə bağlı təşkilati məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev AzTu-da universitet-sənaye işbirliyi istiqamətində bir sıra işlərin görüldüyünü bildirib: “İclasın keçirildiyi Davamlı İnkişaf Mərkəzi Fondla əməkdaşlıq çərçivəsində yaranıb. Universitet-sənayə işbirliyinin formalaşdırılması konsepsiyası ciddidir, hal-hazırda AzTU-da həm tədrisə, həm də tədqiqata əhəmiyyət verilir, “Bilişim vadisi”, “Aselsan”, “Baykar” və s. şirkətlərlə əməkdaşlıq edilir”.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev baş tutacaq Forumun Azərbaycan təhsili üçün xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş sənaye sahəsində yetərincə təcrübəsi olduğunu, 2006-cı ildən bənzər modelin Türkiyədə qurulduğunu bildirib: “Doğru zamanda doğru addımlar atılarsa Azərbaycanda da bu sahədə yaxın gələcəkdə nəzərəçarpan müsbət dəyişikliklər olacağına inanıram və birgə çalışmaqdan məmnunuq”.

 

 

Pərvanə Fərhadqızı