Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri üçün “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli qiymətləndirmə sistemləri” mövzusunda  dəyirmi masa keçirilib.

 Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin icrası davam edir. Layihənin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün səmərəli innovasiya sistemlərinin və müasir  təhsil texnologiyalarının tətbiqi ilə pedaqoji-metodiki bacarıqların inkişaf etdirilməsi, innovativ tədris metodologiyasının yaradılmasına, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılmasına, insan resurslarının inkişaf etdirilməsinə, bir sözlə, müasir təhsilimizin bütövlükdə təkmilləşməsinə  nail olmaqdır.

QHT.az xəbər verir ki, bu məqsədə nail olmaq üçün layihədə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.  Səmərəli innovasiya sistemləri və müasir  təhsil texnologiyalarının inkişafına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən 3 dəyirmi masa və yerli DTV-də keçirilməsi nəzərdə tutulan 2 dəfə olmaqla 30 dəqiqəlik verilişlərdə bu istiqamətdə bir sıra mühüm məsələlər müzakirə olunacaq. 

28 oktyabr 2022-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində universitetin professor-müəllim heyətinin iştirakı ilə “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli qiymətləndirmə sistemləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri açıq elan edən Fondun icraçı direktoru O.Ə.Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə ümumi məlumat verdikdən sonra hal-hazırda fond tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə seminar iştirakçılarına ətraflı məlumat verdi. 


Sonra söz AzMİU-nun kafedra müdiri, professor Nurməmməd Məmmədova verildi. O, öz çıxışında ali təhsilin dünya tədsil sisteminə inteqrasiyasının problemləri, təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri kimi amillərin əhəmiyyətindən danışdı. Sonra çıxış üçün söz tədbirin əsas mövzusuna uyğun olaraq AzMİU-nun Keyfiyyətə nəzarət mərkəzinin direktor müavini, eyni zamanda “İqtisadi nəzəriyyə və marketinq” kafedrasının dosenti Könül Ağayevaya verildi. Könül Ağayeva dünya və avropa təhsil məkanında təhsil müəssisələrində tətbiq edilən innovativ qiymətləndirmə meyarları və metodları,  müasir  təhsil texnologiyalarının və İKT-nin tətbiqi ilə təhsilalanların biliyinin qiymətləndirilməsi üsulları kimi məsələlər barədə iştirakçılara ətraflı məlumat verdi. 
 Könül ağayevanən çıxışından sonra dəyirmi masa iştirakçıları arasında mövzu barəsində maraqlı və effektiv fikir mübadiləsi oldu.