Gəncədə insan alveri ilə bağlı layihə yekunlaşıb. Bu haqda Gencexeber.az-a 1 dekabr tarixində məlumat daxil olub.
“Təmas” Regional İnkişaf İctimai Birliyi sentyabr ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya və reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi və maarifləndirmə işinin təşkili» layihəsinin icrasını başa çatdırıb. Proyekt 3 ay davam edib.
Layihə rəhbəri Südabə Məmmədova təşkilatın nəzdində fəaliyyət göstərən sığınacağın bölgədə zorakılıqdan əziyyət çəkən qadınların müraciət edə biləcəkləri tək məkan olduğunu bildirib. Layihənin icrası zamanı insan alverindən və məişət zorakılığından əziyyət çəkmiş 56 qadın və 67 uşaq mərkəzin fəaliyyətindən yararlanıblar, təhlükəsiz sığınacaq, ərzaq və gigiyenik məhsullarla təmin olunublar. Onlardan 112 nəfəri insan alverinin potensial qurbanları, 6-sı isə qurbanları idi.
Müraciət edənlər arasında 25 uşaq məktəbə, 8 uşaq məktəbəqədər təhsil müəssisəsinə, 23 qadın Məşğulluq İdarəsinə istiqamətləndirilib, 27 qadın isə işlə təmin olunub.
Bundan başqa, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin Şəmkir və Göygöl nümayəndəlikləri ilə birgə 2 maarifləndirmə sessiyası təşkil olunub.












