“Yeni TV”nin canlı efirində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının Həmrəylik Forumunun əhəmiyyəti və strateji hədəfləri haqqında danışıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti nəticəsində son illərdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl və sistemli işlər görülməkdədir. O, bildirib ki, dünən Gülüstan sarayında keçirilən forum bu fəaliyyətin ən genişmiqyaslı və ən mühüm mərhələlərindən biri olub:
“Bu, artıq görülən işlərin davamlı və silsilə xarakter daşıyan növbəti böyük addımıdır. Tədbirdə səkkiz ölkədən 500-ə yaxın nümayəndənin iştirakı onu göstərir ki, bu forum qeyri-hökumət təşkilatları xətti ilə bu vaxta qədər keçirilən ən ciddi tədbirlərdən biridir. Əvvəllər də beynəlxalq QHT tədbirləri keçirilsə də, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin belə geniş tərkibdə iştirakı türk dünyasında vətəndaş cəmiyyətinin yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Prezident İlham Əliyevin forumda nümayiş etdirilən çıxışında bildirib ki, Azərbaycan artıq özünü türk dünyasından ayrı görmür. Cənab Prezident qeyd etdi ki, bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Bu, hazırkı siyasi kursun əsas istiqamətlərindən biridir və dünənki tədbir də bu yolun davam etdiyini nümayiş etdirdi.”
Çingiz Qənizadənin sözlərinə görə, forum həm siyasi sahədə qəbul olunan qərarların, həm də vətəndaş cəmiyyətinin həmin qərarları mənimsəyərək birgə fəaliyyət göstərməsinin vacibliyini ortaya qoyur:
“Burada təkcə dövlətlərin siyasi xətti deyil, eyni zamanda həmin siyasətin təsiri altında fəaliyyət göstərən vətəndaş cəmiyyətinin həmrəyliyi, inteqrasiyası və birgə məqsədlər uğrunda formalaşması müzakirə edildi. Forum türk dövlətləri arasında ictimai diplomatiyanın güclənməsi, ortaq dəyərlər ətrafında birləşmə və strateji hədəflərin müəyyən olunması baxımından mühüm tarixi əhəmiyyətə malikdir".
Pərvanə Fərhadqızı












