Oktyabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, B.Muradova həm qanunvericilik və icra mərhələsində, həm də səmərəli və effektiv mexanizmlərin tapılması və inkişafında, eyni zamanda nəticələrin monitorinqi proseslərində UNİCEF-lə birgə iş aparıldığını, xüsusilə də hərbi münaqişə və pandemiya dövründə çətin vəziyyətə düşən uşaqlarla bağlı psixososial dəstək istiqamətində uğurlu əməkdaşlıq edildiyini vurğulayıb.

Aleks Haykens 2 illik fəaliyyəti dövründə Komitə ilə birgə həyata keçirilən vacib tədbirləri, genişmiqyaslı layihələri xatırladaraq, bu müddət ərzində görülən bütün işlərin mühüm nəticələr verdiyini qeyd edib. O, fəaliyyətinin Azərabaycan üçün əlamətdar bir dövrə- torpaqlarını geri qaytardığı vacib bir məqama təsadüf etməsini xüsusi diqqətə çatdırıb.

O, BMT-nin Uşaq Hüquqları Komitəsinin Cenevrə şəhərində keçirilmiş sessiyasında Azərbaycan Respublikası Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsi barədə müsbət fikirlərini bölüşüb, həmçinin Uşaq Qaynar Xəttinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüş ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin qarşıdakı dövr üçün prioritet istiqamətlər haqqında faydalı fikir mübadiləsi ilə davam edib.

Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.

 

Pərvanə Fərhadqızı