Yalan, həqiqətə uyğun gəlməyən söz deməkdir. Daha çox həqiqəti gizlətmək və qarşı tərəfi aldatmaqdan ibarətdir və insanın qarşısındakı insan tərəfindən qəbul edilməyəcəyini düşündüyü faktları əvəz edən məqbul, reallığa uyğun olmayan söhbətlər kimi qarşıya çıxır.

Psixoloq Könül Babaşzadə QHT.az-a bildirib ki, aranızda müəllimdən və ya iş yerindən icazə almaq üçün yuxarı nəsil valideynlərini xəstələndirənlər, övladını nəyəsə inandırmaq üçün ağ, məsum yalanlardan istifadə edənlər də var: “İnsanların yalan danışmasının əsas səbəbləri ya cəzadan yayınmaq, ya da mənfəət əldə etməkdir. Bu qazanc maddi və ya mənəvi ola bilər. Əgər uşağınız hərdən yalan danışırsa, buna görə narahat olmağa dəyməz. Bu yalan, körpənin dünyanın sərhədlərini yoxladığı və öz istiqamətini tapmaq üçün etdiyi bir təcrübədir. Uşağın yalan danışma səbəbləri:

  • Baş verə biləcək nəticələrdən qorxur.
  • Uşaq özünə inamsızlıqdan əziyyət çəkir
  • Uşaq həddindən artıq impulsivdir
  • Uşaqda psixi və ya davranış pozğunluğu var
  • Uşaq valideynlərini incitməmək üçün yalan danışır
  • Uşaq həddindən artıq xəyal qurur”.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin psixoloqu Rübabə Mərdanova valideyinlərə bildirir ki, uşaq sizi modelləyir, ona nümunə olun, onu digərləri ilə müqayisə etməyin, uşağı dərindən tanıyın, bacardığından artığını tələb etməyin: “Cəzalardan istifadə etməyin, davranışlarınızda tutarlılıq nümayiş elətdirin, sevdiyinizi hiss etdirin ki, sizdən qorxmasın, uğur və uğursuzluq zamanı həmişə yanında olun”.

 

Pərvanə Fərhadqızı