“Təşkilatımız 9 Qeyri Hökumət Təşkilatının birləşdiyi Vərəməleyhinə QHT Koalisiyası olaraq istər layihə çərçivəsində, istərsə də layihədən kənar hər zaman həm Bakıda, həm də vərəm yükü yüksək olan regionlarda mütamadi olaraq vərəm xəstəliyi barəsində vərəm xəstələri, onların yaxın kontaktları arasında, eyni zamanda orta tibb işçiləri, ümumi əhali arasında maarifləndirici tədbirlər təşkil edir”.
Bu fikirləri “Sağlamlığa Xidmət" İctimai Birliyinin sədr müavini və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Kuratoru Samirə Muxtarova QHT.az- a açıqlamasında bildirib. QHT nümayəndəsi qeyd edib ki, vərəm həm tibbi, həm də sosial problemdir. Bunun üçün vərəmin təsirinə məruz qalmış şəxslərin müalicə müddətində üzləşdiyi problemlərin (əlilliyin təyin olunması, şəxsiyyət vəsiqəsinin alınması, sığınacaqda yerləşdirilməsi və digər məişət problemlərinin) həll olunmasında dəstək göstərdiklərini də qeyd edən Samirə Muxtarova “Sağlamlığa Xidmət” İB-yi olaraq həm yerli, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etdiklərini də bildirib: “Vərəmlə mübarizədə dövlət qurumlarından olan Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirmə Bürosu, Səhiyyə Nazirliyinin Ölkə Əlaqələndirmə Komissiyası, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi, İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Vərəm Əleyhinə Tibb Müəssisələri ilə çox sıx əməkdaşlıq edirik”.
Samirə Muxtarova həmçinin bildirib ki, artıq ölkəmizdə vərəmin profilaktikasında və müalicəsində yeni preparatlardan istifadə olunur: “Ümumidünya Səhiyyə Təşkilatının son tövsiyyələrinə əsasən vərəmin müalicəsində ən qısa rejimə keçirilir. Belə ki, dərmana həssas vərəm xəstələri üçün 4 aylıq müalicə kursu, dərmana davamlı vərəm xəstələri üçün isə 6 aylıq müalicə kursu başlanıb. Unutmayaq ki, vərəm hökm deyil! Diaqnozdur. “Vərəm” xəstəliyindən qorxmaq və utanmaq olmaz! Vərəm müalicə olunabilən və sağalan xəstəlikdir!”.
QHT nümayəndəsi sonda Hökumət və Qeyri-Hökumət Təşkilatları olaraq, birlikdə güclü olduqlarını və vərəmə birgə qalib gələcəklərini də vurğulayıb.
Pərvanə Fərhadqızı












