"Hörmətli Leyla xanım, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bəzən insanın gördüyü işlər haqqında danışmaq üçün yalnız statistik göstəricilər və həyata keçirilən layihələr kifayət etmir. Çünki bəzi əməllərin əsl dəyəri insanların həyatına toxunduğu anlarda, ümidini itirmiş bir insanın yenidən gülümsəməsində, köməyə ehtiyacı olan bir ailənin yanında olmağında və cəmiyyətə aşıladığı mərhəmət hissində gizlənir. Mən Sizin fəaliyyətinizə məhz bu prizmadan baxıram.

İllərdir xeyriyyəçilik, humanitar yardım, ekologiya, mədəniyyət və gənclərin inkişafı istiqamətində həyata keçirdiyiniz layihələr göstərir ki, xeyirxahlıq Sizin üçün sadəcə bir missiya deyil, həyat fəlsəfəsidir. Ehtiyacı olan uşaqlara və ailələrə göstərilən qayğı, şəhid ailələri və qazilərə verilən mənəvi dəstək, xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən təşəbbüslər böyük ürəyin və yüksək məsuliyyət hissinin təzahürüdür.

Məni xüsusilə təsirləndirən məqamlardan biri təbiətə olan həssas münasibətinizdir. Ətraf mühitin qorunması, ağacəkmə kampaniyaları, biomüxtəlifliyin mühafizəsi, heyvanların müdafiəsinə yönəlmiş təşəbbüslər göstərir ki, inkişaf yalnız bu günü deyil, gələcək nəsilləri də düşünməkdən başlayır.
Bununla yanaşı, sağlamlıq sahəsində həyata keçirdiyiniz təşəbbüslər, müalicəyə ehtiyacı olan uşaqlara göstərilən dəstək, onların sağlam gələcəyi üçün atılan addımlar da cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil və sosial həyata inteqrasiyasına yönəlmiş layihələr, onların bacarıqlarının üzə çıxarılması üçün yaradılan imkanlar hər bir uşağın bərabər hüquqlara malik olması prinsipinə verdiyiniz önəmin bariz nümunəsidir.

Xüsusilə qız uşaqlarının təhsilə cəlb olunması, onların savadlı, özünəinamlı və gələcəyin güclü qadınları kimi formalaşmasına göstərdiyiniz diqqət yüksək qiymətləndirilməlidir. Çünki bir qız övladının təhsil alması yalnız onun şəxsi uğuru deyil, bütövlükdə ailənin, cəmiyyətin və ölkənin inkişafına qoyulan ən dəyərli sərmayələrdən biridir. Gənclərin, xüsusən də qızların elmə, bilik və şəxsi inkişafa təşviq olunması gələcəyin daha güclü Azərbaycanının formalaşmasına xidmət edən mühüm addımlardandır.

Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılması, incəsənətə, ədəbiyyata və milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyiniz diqqət də xüsusi təqdirəlayiqdir. Siz ölkəmizi təkcə uğurları ilə deyil, həm də yüksək mədəniyyəti və humanist dəyərləri ilə tanıtmağa çalışırsınız.
Sizin fəaliyyətinizdə diqqətimi çəkən ən vacib cəhətlərdən biri isə səmimiyyətdir. İnsanlara göstərilən qayğı yalnız həyata keçirilən layihələrdə deyil, onlarla qurduğunuz ünsiyyətdə, paylaşdığınız fikirlərdə, təbiətə, heyvanlara və insanlara olan sevginizdə də öz əksini tapır. Bu isə insanların qəlbində xüsusi hörmət yaradır.

İnanıram ki, cəmiyyət məhz belə nümunələr sayəsində daha mərhəmətli, daha güclü və daha həmrəy olur. Sizin fəaliyyətiniz gənc nəslə xeyirxahlığın, vətənə bağlılığın və sosial məsuliyyətin ən gözəl nümunəsini təqdim edir.

Hörmətli Leyla xanım, gördüyünüz bütün bu nəcib işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, həyata keçirdiyiniz hər bir təşəbbüs uğurla davam etsin, xeyirxahlığınız daha çox insanın həyatına işıq saçsın və fəaliyyətiniz daim yeni nailiyyətlərlə müşayiət olunsun. Cəmiyyətimizə bəxş etdiyiniz ümid, mərhəmət və qayğı hissi ən böyük dəyərlərdən biridir".

Boccia İdman Federasiyasının vitse-prezidenti, Qarabağ qazisi İlham Məhərrəmov