“Təzyiqi ölçməmişdən əvvəl 5 dəqiqə istirahət mütləqdir. İş görə-görə təzyiq ölçmək yalnış nəticə göstərəcək. Əgər yemək yeyilibsə, minimum 20 dəqiqə keçməli, çay, kofe içilibsə 30 dəqiqə keçməli, mütləq kürək və qolda dəstək olmalı, o zaman təzyiq düzgün ölçülər”.

Bu sözləri həkim- kardioloq Ziba Eyvazova QHT.az-a açıqlamasında bildirib. Həkim qeyd edib ki, təzyiqi manual və elektron cihazlarla ölçürlər: "Manualı adətən klinikalarda həkimlər istifadə edir. Ev şəraitində isə ən çox elektron cihazlardan istifadə olunur. Elektronların manjetləri bazu nahiyəsindən və biləkdən ölçülən variantları var. Biz biləkdən ölçülənlərin tərəfdarı deyilik. Damar iki sümük arasında sürüşə bilər bu da yalnış ölçülməyə gətirib çıxara bilər. Manjet seçimi çox önəmlidir. Çox kilolu biri ilə, arıq birinin manjeti eyni ola bilməz. Yəni qol ölçüsünə uyğun manjet seçilməlidir. Manjetin bağlanması gəlincə hər iki qolla ölçülüb, hansında yuxarı olarsa o qolla ölçülmənin tərəfdarıyıq. Amma adətən sol qolla ölçülməsinin tərəfdarıyıq. Manjet birbaşa dəri ilə təmas etməlidir. Qolda paltar olmamalıdır. Bazu nahiyəsinə doğru manjeti yerləşdirdikdən sonra büküşdən 2 barmaq yuxarıda olmalıdır. Tam kip bağlanmalı, yaxşı olar ki, gün ərzində səhər və axşam ölçülməsi icra olunsun. Bir dəfə ölçülən təzyiq yuxarı olarsa, panikləmək lazım deyil. Bu zaman 1 həftə boyunca ölçülmələr aparılmalıdır. Eyni saatlarda ölçülsün və yazılsın. Əgər 1 həftə boyunca ölçülən təzyiq 140 –ın üstündə olarsa deməli həkimə müraciət etməyin vaxtıdır".

 

Pərvanə Fərhadqızı