Azərbaycan Milli Paralimpiya Komitəsində paralimpiya idman növləri üzrə baş məşqçilərlə görüş keçirilib.
İclasda Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, paralimpiya idman növləri üzrə baş məşqçilər və Komitə əməkdaşları iştirak ediblər.
H.Abdullayev milli komandaların hazırki fiziki və psixoloji hazırlığı, maddi-texniki bazasının durumu ilə maraqlanıb. Komitə prezidenti “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına hazırlıq prosesinə diqqət çəkib. Qeyd olunub ki, bir ildən sonra keçiriləcək Oyunlarda iştirak üçün vacib olan reytinq xallarını qazanmaq məqsədilə milli komandalar qarşıdan gələn yarışlara çox ciddi şəkildə hazırlaşmalıdırlar.
Görüşdə XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Komitə prezidenti avqust ayında keçiriləcək Avropa Paralimpiya çempionatları və IBSA Dünya Oyunlarında iştirak edəcək idmançıların hazırlıqları ilə maraqlanıb, komandalara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.
Söhbət zamanı yeni idmançıların, o cümlədən müharibə əlillərinin paralimpiya idman növlərinə cəlb edilməsi, həmçinin regionlarda fəaliyyətin gücləndirilməsinin vacib olduğu baş məşqçilərin diqqətinə çatdırılıb.
Sonda komandaların fiziki və psixoloji durumu, eləcə də digər mühüm məsələlərlə bağlı müzakirələr aparılıb.












