Ümidli Gələcək təşkilatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda “Yuvenal probasiya sistemi və penitensiar xidmətdə sosial-psixoloji işin təşkili” proqramını uğurla davam etdirir.
QHT.az xəbər verir ki, yeniyetmələrlə aparılan sosial-psixoloji reabilitasiya işinin tərkib hissəsi olaraq, təşkilatın xidməti olan Yuvenal Ədliyyə Mərkəzində qeydiyyata alınmış yetkinlik yaşına çatmayanların ailələrinə mütəmadi səfərlər edilir. Sosial-psixoloji reabilitasiya və ödənişsiz hüquqi yardım fəaliyyəti çərçivəsində yeniyetmələrin ailələri ilə tanışlıq keçirilir, onların yaşayış şəraiti, sosial-maddi vəziyyəti, ailədaxili münasibətləri qiymətləndirilir və növbəti fəaliyyətlər üçün hədəflər müəyyənləşdirilir. Bununla yanaşı, onların sosial mühitdə - ailədə, məktəbdə, ümumiyyətlə cəmiyyətdə rolu, eləcə də valideynlərin uşaqlara olan münasibəti haqqında ətraflı müzakirələr aparılır.
Mərkəzin hüquqşünası tərəfindən ailələrin digər hüquqi problemlərinin həlli istiqamətində məsləhətlər və vəkillik xidməti həyata keçirilir. Yetkinlik yaşına çatmayanların təkrar hüquq pozuntusu törətməməsi, həmçinin, uşaqların keçid yaş dövrlərində valideynlərin xüsusilə diqqətli olmasının vacibliyi, övladları ilə qayğılı münasibət, valdieyn nəzarətinin önəmi vurğulanır. Onların cəmiyyətdə laiqli vətəndaş kimi böyümələri üçün tövsiyələr verilir.
Pərvanə Fərhadqızı












