Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün maraqlı və yaddaqalan tədbir təşkil edildi.
QHT.az xəbər verir ki, ədbir çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli oyunlar, maarifləndirici və interaktiv fəaliyyətlər keçirildi. Uşaqlar birlikdə maraqlı gəzintidə iştirak etdilər, kinoteatrda film izlədilər və xoş vaxt keçirdilər. Gün ərzində uşaqların sevinc dolu anları, səmimi təbəssümləri və yüksək əhval-ruhiyyəsi bayramın əsas gözəlliyini təşkil etdi.
Bayram proqramının sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olundu. Hədiyyələri qəbul edən uşaqların sevinc və həyəcanı tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı. Hər bir uşağın özünü dəyərli, diqqət mərkəzində və xoşbəxt hiss etməsi tədbirin ən vacib nəticələrindən biri oldu.
İctimai Birliyin məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosial inteqrasiyasına dəstək göstərilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və bayram sevincini onlarla birlikdə bölüşmək olub.
Bu gözəl tədbirin həyata keçirilməsinə dəstək göstərən bütün xeyirxah insanlara, könüllülərə və tərəfdaşlara səmimi təşəkkürümüzü bildiririk. Uşaqların üzündə yaranan təbəssüm bir daha göstərdi ki, onlara göstərilən sevgi, diqqət və qayğı gələcəyimizə qoyulan ən dəyərli sərmayədir.
Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt, firavan və uğurlu gələcək arzulayır. Qoy hər bir uşağın həyatı sevgi, qayğı, təhlükəsizlik və xoşbəxtliklə dolu olsun!












