Son illərdə gənclər arasında böyük şəhərlərə köçmək istəyi daha da artıb. Xüsusilə regionlarda yaşayan gənclər təhsil, iş və sosial imkanların məhdud olduğunu düşünərək paytaxt və iri şəhərlərə üz tuturlar. Bu tendensiya təkcə yaşayış yerinin dəyişməsi deyil, eyni zamanda həyat tərzi və gələcək planların da yenidən formalaşması ilə müşayiət olunur.
Mövzu ilə bağlı QHT.az-a açıqlama verən "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov bildirib ki, son illərdə gənclərin böyük şəhərlərə üz tutması ən çox müşahidə olunan sosial tendensiyalardan birinə çevrilib. Regionlarda yaşayan gənclər daha keyfiyyətli təhsil, geniş iş imkanları, peşəkar inkişaf və aktiv sosial mühit axtarışında paytaxta və iri şəhərlərə köçməyə üstünlük verirlər. Bu proses təkcə yaşayış yerinin dəyişməsi deyil, həm də onların gələcək həyat planlarına və karyera seçimlərinə təsir göstərən mühüm amildir.
O bildirib ki, mənim fikrimcə, regionlarda gəncləri köçməyə sövq edən əsas səbəblərdən biri iş imkanlarının məhdud olmasıdır. Bir çox rayonlarda əmək bazarının dar olması gənclərin ixtisaslarına uyğun iş tapmasını çətinləşdirir. Bundan əlavə, peşəkar inkişaf proqramlarının, innovativ layihələrin, gənclər mərkəzlərinin və müxtəlif sosial fəaliyyətlərin azlığı da bu tendensiyanı gücləndirir.
Böyük şəhərlərdə həqiqətən də daha çox imkan mövcuddur. Təhsil müəssisələrinin, şirkətlərin, təlim və inkişaf proqramlarının sayı daha çoxdur. Lakin şəhər həyatı ilə bağlı müəyyən çətinliklər də mövcuddur. Yüksək yaşayış xərcləri, nəqliyyat sıxlığı və güclü rəqabət mühiti bəzən gənclərin gözləntiləri ilə reallıq arasında fərq yaradır. Buna görə də böyük şəhərlər hər zaman ideal həll yolu hesab edilə bilməz.
Tural Nurməmmədov qeyd edib ki, regionlarda gənclərin qalmasını təmin etmək üçün ilk növbədə yeni iş yerlərinin yaradılması, sahibkarlığın dəstəklənməsi və müasir təhsil imkanlarının genişləndirilməsi vacibdir. Eyni zamanda, gənclərin asudə vaxtının səmərəli təşkili üçün mədəni, idman və sosial layihələrin sayı artırılmalıdır. Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərərək regionlarda daha cəlbedici mühit formalaşdıra bilsə, gənclərin öz doğma bölgələrində gələcək qurmaq istəyi daha da güclənəcək.
Piranə Xasiyeva












