"AQTA tərəfindən həyata keçirilən “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, sağlam və təhlükəsiz qidalanma ilə bağlı düzgün məlumatlandırma həm idmançılar, həm də gənclər üçün olduqca vacibdir. Çünki böyük uğurların əsasında yalnız istedad və məşq deyil, həm də sağlam həyat tərzi, düzgün qidalanma və məsuliyyətli seçim dayanır".

Bu fikirləri "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Azər Əliyev QHT.az-a açıqlamasında bildirib.

A.Əliyevin sözlərinə görə, idmançının uğurunda düzgün qidalanma həlledici rol oynayır və bu istiqamətdə maarifləndirmə xüsusi əhəmiyyət daşıyır: "Uzun illərdir məşqçi kimi fəaliyyət göstərirəm və təcrübəm göstərir ki, idmançının nəticəsinə təsir edən əsas amillərdən biri məhz qidalanmadır. Təəssüf ki, bəzi gənclər sosial şəbəkələrdə və internet resurslarında yayılan qeyri-dəqiq məlumatlara inanaraq qida əlavələri və bioloji aktiv məhsullardan düzgün istifadə etmirlər. Belə maarifləndirmə kampaniyaları isə onların məlumatlılığını artırır, sağlamlıqlarını qorumağa və doğru qərarlar verməyə kömək edir".

Azər Əliyev bildirib ki, sağlam gəncliyin formalaşdırılması ölkənin gələcəyi baxımından strateji əhəmiyyət kəsb edir: "'Gəncliyin Təşəbbüsü' Maarifləndirmə İctimai Birliyinin sədri və Əməkdar məşqçi kimi hesab edirəm ki, sağlam gəncliyin formalaşdırılması cəmiyyətimizin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Gənclər nə qədər erkən yaşlardan sağlam qidalanma və sağlam həyat tərzi barədə məlumatlı olsalar, gələcəkdə bir o qədər uğurlu və sağlam vətəndaş kimi yetişəcəklər".

Sədr vurğulayıb ki, idmanda qazanılan böyük uğurların təməlində düzgün qidalanma və sağlam həyat tərzi dayanır: "Xüsusilə vurğulamaq istəyirəm ki, mənim yetirmələrim qol güləşi üzrə Dünya və Avropa çempionlarıdır. Onların qazandığı nailiyyətlərin əsasında yalnız ağır məşqlər deyil, eyni zamanda düzgün qidalanma rejimi, sağlam həyat tərzi və intizam dayanır. Bu uğurlar bir daha sübut edir ki, doğru seçim həqiqətən də yüksək nəticənin əsas şərtlərindən biridir".

A.Əliyevin fikrincə, bu cür təşəbbüslər gənclərin sağlamlığının qorunmasına və sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir: "İnanıram ki, AQTA-nın həyata keçirdiyi bu kimi təşəbbüslər gənclərin sağlamlığının qorunmasına, idmanda yüksək nəticələrin əldə olunmasına və sağlam həyat tərzinin geniş təbliğinə mühüm töhfə verəcəkdir".

Fatimə Nəbiyeva