Bir zamanlar gənclərin həyatında ən vacib mərhələlərdən biri hesab olunan evlilik artıq əvvəlki qədər tələsik verilən qərar deyil. Müasir dövrdə bir çox gənc ailə qurmağa daha ehtiyatla yanaşır, bu addımı atmazdan əvvəl müxtəlif amilləri nəzərə alır. Bəs gənclərin evlilikdən çəkinməsinin əsas səbəbləri nələrdir və onların bu məsələyə münasibəti niyə dəyişib?
Mövzu ilə bağlı “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılova QHT.az-a açıqlamasında bildirib ki, son illərdə gənclər arasında evliliyə münasibətin dəyişdiyi müşahidə olunur. Əgər əvvəllər müəyyən yaşa çatdıqda ailə qurmaq təbii bir addım hesab edilirdisə, bu gün bir çox gənc evliliyi təxirə salır və ya bu qərara daha ehtiyatla yanaşır. Bunun arxasında isə bir sıra psixoloji, maddi və sosial səbəblər dayanır.
Samirə İsmayılovanın sözlərinə görə, ən çox rast gəlinən səbəblərdən biri maddi qeyri-sabitlikdir. Gənclər ailə qurmağın yalnız toy mərasimindən ibarət olmadığını, bunun uzunmüddətli maliyyə məsuliyyəti tələb etdiyini anlayırlar. İş tapmaq, ev sahibi olmaq və gələcək üçün təminat yaratmaq istəyi bir çoxlarını evlilik qərarını gecikdirməyə vadar edir.
Digər mühüm amil psixoloji hazırlıqdır. Sağlam ailə qurmaq üçün sevgi kifayət etmir. İnsan öz emosiyalarını idarə etməyi, münaqişələri həll etməyi və məsuliyyət daşımağı bacarmalıdır. Təəssüf ki, bəzi gənclər münasibətlərə hazır olmadan evlənir və sonradan uyğunlaşma problemləri yaşayırlar.
Həmçinin, psixoloq Samirə İsmayılova qeyd edib ki, mənəvi tərəf də diqqətdən kənarda qalmamalıdır. Sosial şəbəkələrin təsiri ilə insanlar bəzən ideal münasibət axtarışına çıxır, real insanlardan isə həddindən artıq gözləntilər formalaşdırırlar. Nəticədə, münasibətlərə dözümlülük azalır və ailə qurmaq daha çətin görünür.
Bununla yanaşı, boşanma hallarının artması da gənclərin evliliyə baxışına təsir edir. Ətraflarında uğursuz ailə nümunələri görən gənclər evlilikdən qorxur. Əslində isə evlilik nə yalnız maddi imkan, nə də təkcə romantik hissdir. Evlilik iki yetkin insanın ortaq həyat qurmaq qərarıdır. Bu qərarın sağlam olması üçün insanın həm maddi, həm mənəvi, həm də psixoloji baxımdan özünü hazır hiss etməsi vacibdir.
Və son olaraq o, vurğulayıb ki, mənim fikrimcə, evliliyə hazır olmağın əsas göstəricisi yaş deyil, emosional yetkinlik və məsuliyyət hissidir. Sağlam ailələr də məhz bu təməl üzərində qurulur.
Piranə Xasiyeva












