Mərkəzi Seçki Komissiyasına (MSK) Rusiya prezidenti vəzifəsinə 16 namizədin ərizəsi daxil olub. Bunu komissiyanın rəhbəri Ella Pamfilova deyib . Onun sözlərinə görə, prezidentlik kampaniyası aktiv fazaya keçib.

QHT.az xəbər verir ki, Rusiya tarixində ilk dəfə olaraq 2024-cü ildə seçkilər üç gün ərzində, martın 15-dən 17-dək keçiriləcək. Mərkəzi Seçki Komissiyası hərbi vəziyyət şəraitində yeni rayonlarda səsverməyə icazə verib. Pamfilova bildirib ki, səsvermə ilk dəfə “belə zəhərli geosiyasi vəziyyətdə” baş tutacaq.

Hazırda parlament partiyaları prezident seçkilərində iştirak edəcək namizədləri seçirlər.

Dekabrın 18-də Putin seçkilərdə iştirak etmək üçün sənədləri MSK-ya təqdim edib. Prezident seçkilərdə özünü irəli sürən namizəd kimi iştirak edəcək. Onun namizədliyini 700 nəfərdən çox seçici qrupu yekdilliklə dəstəkləyib.

İctimai Rəy Fondunun keçirdiyi sorğunun nəticələrinə görə , rusiyalıların 70 faizi Putinin prezidentliyə namizəd kimi irəli sürülməsinin tərəfdarı olub. Respondentlərin daha 15 faizi hesab edir ki, hazırkı dövlət başçısı vəzifəsini tərk edərək ölkə rəhbərliyində başqa vəzifə tutmalıdır.

Qeyd edək ki, Vladimir Putin dörd dəfə Rusiya prezidenti seçilib - əvvəlcə 2000-ci ildə, sonra 2004, 2012 və 2018-ci illərdə. Konstitusiyaya dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək yeni prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib.

 

Pərvanə Fərhadqızı