“Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır. Müəyyən yoxlamalar istisna olunmaqla digər bütün yoxlamalar 2024-cü ildə də dayandırılacaq”.
QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib. QHT sədri qeyd edib ki, bu müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər: “Qanunvericiliyə daha öncə edilən dəyişikliklərə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yəni yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək. Bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib”.
Pərvanə Fərhadqızı












