"Son günlər Türkiyədəki bəzi siyasi dairələrin BMT Baş Assambleyasında İsrail Baş nazirinin çıxışı zamanı Azərbaycan diplomatının zalda qalması ilə bağlı başladığı süni kampaniya təəssüf və təəccüb doğurur. Bu dairələr beynəlxalq diplomatiyanın əlifbasını oxumayıblar. Yaxud, yaxşı oxumayıblar.."

QHT.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib.

Zaur İbrahimli bildirib ki, diplomatik tədbirlərdə nümayəndənin zalda qalması həmin ölkənin çıxış edən tərəfi dəstəklədiyi anlamına gəlmir: Xatırlatmaq yerinə düşər ki, diplomatik tədbirlərdə hər hansı bir ölkənin nümayəndəsinin zalda oturması heç də həmin kürsüdən danışan tərəfi dəstəkləməsi demək deyil. Əgər bu məntiq doğrudan da işləsəydi, keçmiş işğal illərində Ermənistan rəsmiləri BMT tribunasından çıxış edərkən Türkiyə diplomatları hər dəfə nümayişkaranə şəkildə zalı tərk etməli idilər.

O vurğulayıb ki, Türkiyə diplomatları da keçmişdə protokol qaydalarına uyğun davranıb: Lakin həmin dövrdə Türkiyə nümayəndə heyəti protokol qaydalarına uyğun olaraq zalda qalmışdı və biz bunu hər zaman anlayışla qarşılamışdıq. İndi isə Azərbaycana irad tutulur ki, bu da ikili standartlardan və açıq-aşkar qərəzdən başqa bir şey deyil.

Z. İbrahimlinin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan kampaniyalar dayandırılmalı və strateji müttəfiqlik qorunmalıdır: Türkiyə hakimiyyəti daxilində bu cür radikal qüvvələrin uydurma ittihamları və qardaş ölkə ilə münasibətlərimizə kölgə salmağa hesablanmış çirkin kampaniyası dərhal dayandırılmalıdır. İki dövlət arasındakı strateji müttəfiqlik hər cür ucuz siyasi manipulyasiyalardan uca tutulmalıdır.

O qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı siyasi dairələrin yanaşmaları ilə sınağa çəkilə bilməz: Azərbaycan-Türkiyə qardaşlığı, strateji-müttəfiqliyi bu cür konkret siyasi dairələrin maraqlı ilə şərtlənmiş yanaşma ilə sınağa çəkilə bilməz. "İki dövlət bir millət" anlayışı əsrlərin, zamanın sınağından keçib və ayrı-ayrı siaysətçi və qrupların bu cür yanlış fəaliyyəti yalnız müvəqqəti effekt verə bilər. Dünyaya dar pəncərədən baxanlar özlərini, düşüncələrini də kiçik ideoloji çərçivədə həbs edirlər. Ən pisi isə tarixdən öyrənmirlər.

Fatimə Nəbiyeva