28 sentyabr – Beynəlxalq Təhlükəsiz Abort Günü ilə bağlı beynəlxalq QHT və vətəndaş cəmiyyəti təşkilatları səhiyyə sistemlərinin gücləndirilməsinə çağırış edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, “September 28 Campaign” tərəfindən yayımlanan 2026-cı il çağırışında təhlükəsiz, əlçatan və keyfiyyətli tibbi xidmətlərə çıxışın təmin edilməsinin vacibliyi vurğulanıb. Təşkilatlar abort xidmətlərinin ümumi səhiyyə sistemlərinin tərkib hissəsi kimi nəzərə alınmasını tələb edirlər.

Çağırışda hökumətlərdən səhiyyə xidmətlərində maliyyə, coğrafi və inzibati maneələrin azaldılması, tibb işçilərinin dəstəklənməsi və icma əsaslı xidmətlərin gücləndirilməsi istənilir.

QHT-lər və donor təşkilatlarına isə xüsusilə yerli, gənclər və icma əsaslı təşkilatlara uzunmüddətli və çevik maliyyə dəstəyinin artırılması çağırışı edilir.