Son aylarda təbii görünüşlü dırnaqlar sosial mediada və moda dünyasında geniş yayılıb. Bəzi insanlar manikür salonlarına getsələr də, dırnaqlarına boya çəkdirməməyi seçirlər.

QHT.az xarici mediaya iatinadən bildirir ki, bu görünüş getdikcə “sakit lüks” anlayışı ilə əlaqələndirilir. Lakin trend təkcə estetik seçim kimi qiymətləndirilmir. Tənqidçilər boyasız, təbii dırnaqların yüksək sosial status göstəricisi kimi təqdim edilməsinin sinif və gözəllik standartları ilə bağlı problemləri gündəmə gətirdiyini bildirirlər.

Gözəllik jurnalisti Kristina Rodulfo hesab edir ki, bu yanaşma xüsusilə qaradərili və digər azlıq icmalarında mühüm yer tutan dırnaq sənətinin mədəni əhəmiyyətini kölgədə qoya bilər. Tarixən dırnaq sənətinin inkişafında qaradərili, latın amerikalı və asiyalı icmaların mühüm rolu olub.

Moda tarixçisi Suzanne E. Shapiro isə manikürün tarix boyu sosial statusla əlaqələndirildiyini bildirir. Qədim Çində uzun dırnaqlar əl əməyindən uzaq həyatın göstəricisi hesab olunurdu. Daha sonralar manikür qadınların özünüifadə vasitələrindən birinə çevrilib.

1930-cu illərdə qırmızı dırnaq boyasının yayılması müasir qadınların özünüifadə və gözəllik standartlarına qarşı çıxışının simvollarından birinə çevrilib. Sonrakı dövrlərdə isə qaradərili qadınlar dırnaq sənətinin inkişafında mühüm rol oynayıblar.

1970-ci illərdə Vyetnamlı miqrantların iştirakı ilə dırnaq salonlarının yayılması peşəkar manikürü daha əlçatan etdi. Bununla belə, bəzi ekspertlər varlı təbəqənin kütləvi trendlərdən uzaqlaşaraq daha “sadə” görünüşlərə üstünlük verməsini sosial statusun yeni ifadəsi kimi qiymətləndirirlər.

Digər tərəfdən, bəzi qadınlar üçün dırnaq boyasından imtina sadəcə vaxt və pula qənaət etmək, gözəllik rutinini sadələşdirmək və ya fərdi seçimdən ibarətdir.

Mütəxəssislər isə “təbii” görünən dırnaqların belə tamamilə baxımsız olmadığını, onların da müntəzəm və bəzən bahalı qulluq tələb etdiyini vurğulayırlar. Beləliklə, dırnaq boyası ətrafındakı yeni trend estetik seçimlə yanaşı, sosial status, mədəniyyət və gözəllik standartları ilə bağlı müzakirələrə də səbəb olur.

Zəhra Mansırova