Qazaxıstanın Xəzər sahilində yerləşən gözəl Aktau şəhəri bu dəfə Azərbaycan mədəniyyətinin, sənətkarlığının və milli dəyərlərinin təqdim olunduğu möhtəşəm bir mədəniyyət platformasına çevrilib.

TARBIYA FEST-2026 çərçivəsində Azərbaycan Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi (AMİSS) tərəfindən təmsil olunub. Birliyin sədri Aytən Həsənovanın rəhbərliyi ilə nümayəndə heyətinin festivalda iştirakı Azərbaycan sənətkarlığının və milli mədəni irsinin Qazaxıstanda təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyıb.

Festival çərçivəsində Azərbaycan xalça sənətinə həsr olunmuş xüsusi master-klass keçirilib. Aytən Həsənovanın rəhbərliyi ilə Azərbaycan sənətkarları iştirakçılara xalçaçılıq sənətinin incəliklərini, ənənəvi toxuculuq texnikalarını, milli ornamentlərin mənalarını və Azərbaycan xalçasının zəngin mədəni mahiyyətini nümayiş etdiriblər.

Master-klass Aktau sakinləri və festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar xalçanın hazırlanma prosesini yaxından izləyərək Azərbaycan xalçaçılığının qədim və zəngin ənənələri ilə tanış olublar.

Azərbaycan xalçası xalqımızın tarixini, dünyagörüşünü, milli yaddaşını və mənəvi dəyərlərini özündə yaşadan əvəzsiz sənət nümunəsidir. Onun Aktau kimi beynəlxalq mədəni platformada təqdim olunması Azərbaycan mədəni irsinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir iki qardaş xalq — Azərbaycan və Qazaxıstan arasında mövcud olan tarixi və mədəni bağların daha da möhkəmləndirilməsi baxımından da əlamətdar olub. Ortaq dəyərlərimiz, qonaqpərvərlik ənənələrimiz, milli sənətə və mədəni irsə olan böyük sevgi tədbirin bütün iştirakçılarını bir araya gətirib.

Səfər çərçivəsində sənətkarlığın, mədəni irsin və yaradıcı sənayelərin inkişafı istiqamətində gələcək əməkdaşlıq imkanları da müzakirə edilib. Azərbaycan və Qazaxıstan arasında birgə sərgilərin, ustad dərslərinin, mədəni layihələrin və yaradıcı sənaye təşəbbüslərinin həyata keçirilməsi üçün yeni imkanların yaranması xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan nümayəndə heyətinə göstərilən diqqət və yüksək qonaqpərvərliyə görə həmin dövrdə Aktau şəhərinin meri Abilkair Janayevich Baipakova, həmçinin festivalın təşkilində böyük əməyi olan Tarbiya xanıma dərin təşəkkürümüzü bildirilib.

Aytən Həsənovanın rəhbərlik etdiyi AMİSS nümayəndə heyətinin Aktau səfəri Azərbaycan mədəni irsinin, milli sənətkarlığımızın və yaradıcı sənayelərimizin beynəlxalq səviyyədə təbliği baxımından yaddaqalan bir hadisə olub.

Aktau şəhərində Azərbaycan xalçasının ilmələri iki qardaş xalqın mədəniyyətlərini bir daha bir-birinə bağlayıb.