Zimbabvedə Kariba gölü ətrafında çalışan beynəlxalq alimlər qrupu səkkiz il davam edən qazıntı və fosil analizindən sonra Musango matusadonaensis adlı yeni dinozavr növünü təsvir edib. Tədqiqat bu ilin iyul ayında dərc olunub.
QHT.az xarici mediaya istinadən bildirir ki, təxminən 210 milyon il əvvəl, Gec Trias dövründə yaşamış Musango uzunboyunlu sauropodların erkən qohumu olub. Alimlərin hesablamasına görə, dinozavrın uzunluğu 4,5 metr, çəkisi isə təxminən 222 kiloqram idi və səkkiz yaşında ölüb.
Tapılan qalıqlar arasında onurğa, qabırğa, qol, ayaq və pəncə sümükləri olsa da, kəllə sümüyü aşkarlanmayıb. Buna görə də onun qidalanma xüsusiyyətlərini dəqiq müəyyənləşdirmək hələ mümkün deyil.
Tədqiqatın həmmüəllifi Cona Xoinyer bildirib: “Kəllə sümüklərinin tapılmaması paleontologiyada adi haldır. Əksər hallarda alimlər nəticələri uzun illər ərzində toplanmış fosillərin müqayisəsinə əsasən çıxarırlar.”
Alimlər hesab edirlər ki, Zimbabve və ümumilikdə Cənubi Afrikada hələ çox sayda dinozavr fosili aşkarlanmağı gözləyir. Xoinyerin sözlərinə görə: “Düşünürəm ki, bu, aysberqin sadəcə görünən hissəsidir.”
Zəhra Mansırova












