Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sistemində həyata keçirilən mühüm və müsbət islahatlardan biridir. Lakin bu addımı yalnız həkimlərin maaş artımı kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məqamlardan biri tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və səhiyyə sahəsində çalışan insanların diqqət mərkəzinə alınmasıdır.

Bu fikirləri Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında bildirib.

Ə. Abbasbəyli qeyd edib ki, əməkhaqlarının artırılması tibb işçilərinin motivasiyasının yüksəldilməsi və səhiyyə sektorunda kadr axınının qarşısının alınması baxımından da mühüm əhəmiyyət daşıyır:

“Bu addım tibb sahəsində çalışanların motivasiyasının artırılması, kadr axınının qarşısının alınması baxımından çox vacibdir. Eyni zamanda, həkimlərin, tibb bacılarının və digər tibb personalının iqtisadi vəziyyətinin və alıcılıq qabiliyyətinin yaxşılaşmasına şərait yaradacaq”.

Onun sözlərinə görə, bu dəyişiklik səhiyyə xidmətlərinin keyfiyyətinə və pasiyent məmnunluğuna da müsbət təsir göstərə bilər:

“Burada pasiyent məmnunluğunun artmasından, tibb xidmətlərinin keyfiyyətinin yüksəlməsindən və gələcəkdə səhiyyə sahəsində digər müsbət addımların atılması üçün zəmin yaranmasından danışmaq olar”.

Ə. Abbasbəyli vurğulayıb ki, yalnız maaş artımı səhiyyə xidmətlərinin yüksək səviyyədə təmin olunması üçün kifayət deyil. Onun fikrincə, paralel olaraq kadr potensialının gücləndirilməsi, müasir avadanlıqlarla təminat və tibbi xidmətlərin müasir standartlara uyğunlaşdırılması istiqamətində də işlər davam etdirilməlidir:

“Yalnız maaşların artırılması ilə tibb sahəsində xidmətlərin yüksək səviyyədə olacağına tam əmin olmaq mümkün deyil. Əməkhaqqı artımı ilə yanaşı, xidmətlərin təşkili, kadr potensialının gücləndirilməsi, avadanlıqların yenilənməsi və tibbi xidmətlərin müasir standartlara cavab verməsi istiqamətində də xüsusi diqqət göstərilməlidir”.

Cəmiyyətin İnkişafı Mərkəzinin sədri hesab edir ki, əməkhaqlarının artırılması səhiyyə sisteminin inkişafı baxımından mühüm addımdır, lakin bu proses kompleks islahatlarla müşayiət olunmalıdır.