TƏBİB-in qəbul etdiyi qərara əsasən, tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sistemində çalışanların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımdır.
Bunu Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov QHT.az-a açıqlamasında bildirib.
A.Hüseynov qeyd edib ki, bu islahat yalnız həkimlərin deyil, həm də orta və kiçik tibb işçilərinin əməyinin layiqincə qiymətləndirilməsinə xidmət edir.
“Müşahidələrimiz göstərir ki, regionlarda fəaliyyət göstərən dövlət xəstəxanalarında həkim çatışmazlığı və kadr təminatı ilə bağlı müəyyən problemlər mövcuddur. Əməkhaqlarının artırılması məhz həmin bölgələrdə fəaliyyət göstərmək istəyən mütəxəssislər üçün güclü stimul olacaq və kadr çatışmazlığının aradan qaldırılmasına öz töhfəsini verəcək.
Bundan əlavə, orta və kiçik tibb işçilərinin əməkhaqlarının artırılması onların motivasiyasının yüksəlməsinə, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və nəticə etibarilə pasiyent məmnuniyyətinin artmasına müsbət təsir göstərə bilər.
Peşənin cəlbediciliyinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi pasiyent məmnuniyyətinin təmin olunmasında əsas amillərdəndir. TƏBİB-in bu təqdirəlayiq addımı ölkədə səhiyyənin inkişafına mühüm töhfə verəcək”, – deyə Ayaz Hüseynov bildirib.












