Səhiyyə sistemində aparılan islahatların əsas istiqamətlərindən biri ilkin səhiyyənin gücləndirilməsi, digəri isə regionlarda ixtisaslı həkim təminatının yaxşılaşdırılmasıdır. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı hesab edir ki, bu iki istiqamət bir-birindən ayrı deyil, vahid yanaşmanın tərkib hissəsi kimi həyata keçirilməlidir.

Çingiz Ramazanlı QHT.az-a açıqlamasında bildirib ki, ilkin səhiyyənin güclü olması üçün ilk növbədə burada peşəkar və məsuliyyətli tibbi kadrlar çalışmalıdır:

“Regionlara həkim cəlb edilmədən həmin ərazilərdə ilkin səhiyyənin keyfiyyətini yüksəltmək çətin olacaq. Son günlər TƏBİB rəhbərliyinin açıqladığı məlumatlarda hər iki istiqamətə xüsusi diqqət yetirilməsi bu baxımdan mənim üçün əhəmiyyətli görünür. Regionlarda həkim təminatındakı fərqlərin aradan qaldırılması üçün yeni maliyyə və stimullaşdırma mexanizmlərinin tətbiqi nəzərdə tutulur. İlkin səhiyyə xidmətində çalışan həkimlərin əməkhaqqının artırılması da bu sahəyə verilən əhəmiyyətin göstəricisidir”.

QHT rəhbəri qeyd edib ki, burada əsas məsələ yalnız rəqəmlərin özündən deyil, həyata keçirilən dəyişikliklərin vətəndaşların gündəlik həyatında yaradacağı nəticələrdən ibarətdir.

“İnsan xəstələndikdə ilk növbədə ona yaxın olan tibb xidmətinə müraciət edə bilməlidir. Əgər həmin yerdə lazımi mütəxəssis yoxdursa, pasiyentin daha uzaq məsafəyə getməsi həm vaxt itkisinə, həm əlavə xərcə, həm də bəzi hallarda müalicənin gecikməsinə gətirib çıxara bilər. Ona görə səhiyyədə bərabərliyin təmin edilməsi yalnız tibbi müəssisələrin sayının artırılması ilə həll olunmur. Bu bərabərlik insanların yaşadığı ərazilərdə peşəkar həkimlərə real çıxış imkanının olması ilə ölçülür”.

Çingiz Ramazanlı vurğulayıb ki, regionlarda həkimlərin fəaliyyətini stimullaşdırmaq üçün nəzərdə tutulan maliyyə mexanizmləri mühüm addımdır və bundan sonra da bu istiqamətdə görüləcək işlərin məhsuldar nəticələr verəcəyinə inanır.

“Həkim bölgəyə getdikdən sonra orada işləməsi üçün normal peşəkar mühit görməlidir. Müasir tibbi avadanlıq, dərhal istifadə oluna bilən diaqnostik imkanlar və ixtisasartırma şəraiti bu mühitin əsas hissəsidir. Həkim yalnız maddi səbəblərlə deyil, öz peşəkar gələcəyini də həmin regionda görə bildiyi üçün orada qalmalıdır. Bunun üçün regionlarda çalışan mütəxəssislərin davamlı tibbi təhsil imkanlarının artırılmasına xüsusi diqqət yetirilməlidir”, – deyə o bildirib.

Onun sözlərinə görə, ilkin səhiyyə həkimi bir çox hallarda pasiyentin səhiyyə sistemi ilə ilk təmas nöqtəsidir. Bu həkim xəstəliyin ilk əlamətlərini düzgün qiymətləndirməli, riskləri müəyyənləşdirməli və pasiyenti vaxtında müvafiq mütəxəssisə yönləndirməlidir.

“Bu səbəbdən ilkin səhiyyə həkiminin məsuliyyəti düşündüyümüzdən daha böyükdür. Xüsusilə regionlarda belə həkimlərin üzərinə düşən yük daha da arta bilər. TƏBİB tərəfindən ilkin səhiyyə xidmətində çalışan həkimlərin əməkhaqqının 1 150 manatdan 2 000 manata qədər artırılmasının açıqlanması bu sahədə kadrların motivasiyası baxımından müsbət addım sayıla bilər”.

QHT sədri bildirib ki, yüksək əməkhaqqı ilə yanaşı, həkimlərin qərar qəbul etmək imkanları, iş yükünün düzgün bölüşdürülməsi və əməyinə verilən qiymət də nəzərə alınmalıdır.

“Əks halda maliyyə stimulu problemin yalnız bir tərəfini həll edəcək. İlkin səhiyyə sistemində çalışan həkim həm də maarifləndirici və profilaktik işin əsas iştirakçılarından birinə çevrilməlidir. Çünki sağlam cəmiyyət yalnız xəstəliklərin müalicəsi ilə deyil, xəstəliklərin mümkün qədər erkən qarşısının alınması ilə formalaşır. Bu yanaşma regionlarda yaşayan əhali üçün xüsusilə vacibdir”.

Çingiz Ramazanlı ilkin səhiyyənin digər mühüm funksiyasının xəstəliklərin erkən aşkarlanması olduğunu diqqətə çatdırıb.

“İlkin səhiyyə xidmətinin düzgün qurulması insanın sağlamlıq problemi yarandıqdan sonra uzun müddət gözləməsinin qarşısını ala bilər. Xüsusilə vərəm və digər yoluxucu xəstəliklər zamanı ilkin müraciətin düzgün qiymətləndirilməsi böyük əhəmiyyət daşıyır. Uzun müddət davam edən öskürək və digər şübhəli əlamətlər vaxtında nəzərə alındıqda pasiyentin müvafiq müayinəyə yönləndirilməsi daha tez mümkündür. Bununla həm xəstənin müalicəsinə vaxtında başlamaq, həm də yoluxmanın qarşısının alınması üçün əlavə imkan yaranır”.

O bildirib ki, regionlarda ixtisaslı həkimlərin olması bu prosesin daha səmərəli həyata keçirilməsinə imkan verəcək.

“Çünki pasiyentin yaşadığı ərazidə ona düzgün istiqamət verən həkimin olması səhiyyə xidmətinə müraciəti asanlaşdırır. Burada telemedisina və rəqəmsal səhiyyə imkanlarından da daha geniş istifadə etmək mümkündür. Region həkiminin ehtiyac yarandıqda paytaxtdakı və ya digər ixtisaslaşmış mərkəzlərdəki mütəxəssislə əlaqə saxlaya bilməsi xidmətin keyfiyyətini artıra bilər”.

QHT sədri hesab edir ki, səhiyyə islahatlarının uğurunu yalnız neçə yeni həkimin işə qəbul edilməsi və ya əməkhaqqının nə qədər artırılması ilə ölçmək olmaz.

“Əsas göstəricilərdən biri insanların tibbi xidmətə nə qədər asan çatması, xəstəliklərin nə qədər erkən müəyyənləşdirilməsi və müalicənin nəticələrinin necə dəyişməsidir. Əgər region sakini yaşadığı ərazidə ilkin tibbi yardım və ixtisaslı mütəxəssis tapa bilirsə, bu artıq səhiyyə sisteminin real uğurudur”.

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi olaraq insan yönümlü səhiyyənin əsasında əlçatanlıq, erkən aşkarlama, profilaktika və keyfiyyətli tibbi xidmətin dayandığını bildirən Çingiz Ramazanlı vurğulayıb ki, ilkin səhiyyənin gücləndirilməsi ilə regionlarda ixtisaslı həkim təminatının yaxşılaşdırılması paralel şəkildə həyata keçirilməlidir.

“Məncə, səhiyyə islahatlarının ən mühüm məqsədi insanın xəstəxanaya çatmasını gözləmək deyil, sağlamlığın qorunmasını insanın yaşadığı yerdən başlatmaq olmalıdır. TƏBİB bu gün artıq bu sahədə çox böyük və məhsuldar islahatlar aparır. Bu, çox təqdirəlayiqdir”.