“Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi”nin (DANİB) sədri Elməddin Behbud Ermənistan-Azərbaycan münasibətlərində postmüharibə dövründə dialoqun genişləndirilməsi və vətəndaş cəmiyyəti institutlarının sülh prosesində iştirakı ilə bağlı fikirlərini QHT.az-a açıqlayıb.

 

“Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi”nin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında Ermənistan-Azərbaycan münasibətlərində postmüharibə dövründə dialoqun genişləndirilməsi istiqamətində atılan addımların Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Elməddin Behbud qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü sülh gündəliyinin inkişafı baxımından diqqətçəkən hadisədir:

“Bu görüş və görüşlə bağlı yayılan məlumatlar bir daha göstərir ki, Azərbaycanın müəyyən etdiyi sülh gündəliyi çərçivəsində dialoqun inkişaf etdirilməsi istiqamətində yeni mərhələyə qədəm qoyulur. Bu isə qarşıdakı dövrdə daha konkret və əlçatan nəticələrin əldə olunacağına dair ümidləri artırır”.

DANİB sədri bildirib ki, sülh prosesində yalnız dövlət qurumları arasında təmaslar deyil, vətəndaş cəmiyyəti institutlarının, xüsusilə qeyri-hökumət təşkilatlarının fəaliyyəti də mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan QHT-ləri arasında müxtəlif platformalar çərçivəsində təmaslar həyata keçirilir:

“Dövlət qurumlarından kənar, lakin dövlət siyasətinə uyğun şəkildə vətəndaş cəmiyyəti institutlarının, xüsusilə QHT-lərin bir-biri ilə təmasları mövcuddur. Bu platformalar çərçivəsində Ermənistan və Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında əlaqələr qurulur. Bu təmaslar Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad quruculuğuna xidmət edir”.

Elməddin Behbud vurğulayıb ki, 30 ildən artıq müddətdə diplomatik və siyasi münasibətlərin olmadığı Ermənistanla yeni iqtisadi və siyasi əlaqələrin qurulması fonunda qarşılıqlı etimadın formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

“Artıq qarşılıqlı səfərlər həyata keçirilir və müxtəlif istiqamətlər üzrə dialoq mövcuddur. Düşünürəm ki, növbəti mərhələdə vətəndaş cəmiyyəti institutlarının bu sahədə daha aktiv rolunu görəcəyik”, – deyə o əlavə edib.

QHT sədrinin fikrincə, iqtisadi əlaqələrin genişlənməsi ilə yanaşı, ictimai diplomatiya və insanlararası təmasların artırılması da sülh prosesinin davamlılığına mühüm töhfə verə bilər.

“Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrin inkişafı istiqamətində atdığı addımlar, sərhədlərin müəyyən istiqamətlərdə açılması üçün yaratdığı imkanlar və iki ölkənin dövlət və hökumət rəhbərləri arasında artan təmaslar qarşıdakı mərhələdə vətəndaş cəmiyyətinin də fəaliyyətinin genişlənəcəyini deməyə əsas verir.

Mümkündür ki, növbəti mərhələdə bu təmasların formatı da dəyişsin və genişlənsin. İctimaiyyət üçün daha açıq tədbirlərin, qarşılıqlı səfərlərin, birgə konfransların və digər platformaların sayının artması mümkündür”, – Elməddin Behbud bildirib.

DANİB sədri qeyd edib ki, bu prosesdə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, birgə tədbirlərin və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın artırılması da mühüm əhəmiyyət daşıyır:

“Ticarət əlaqələrinin genişlənməsi vacibdir. Bununla yanaşı, müxtəlif konfransların, birgə tədbirlərin və qarşılıqlı səfərlərin də böyük rolu var. Hesab edirəm ki, qarşıdakı dövrdə bu istiqamətdə daha geniş əməkdaşlığın şahidi olacağıq”.

 

Zəhra Ağayeva