Bu gün Hacıqabul şəhərində Icra Hakimiyyətinin iclas zalında Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial – Mənəvi Dəstək İctimai Birliyi mütəxəssislər və 20 nəfər gənc və yeniyetmənin iştirakı ilə “Ağ ölümdən qurtulaq” regionlarda yeniyetmə-gənclər üçün antinarkomaniya üzrə maarifləndirmə mövzusunda görüş keçirib.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihə rəhbəri Təranə Əhməd bildirib ki, layihənin məqsədi Hacıqabul şəhərlərində narkomaniyaya qarşı mübarizə profilaktikasıni təşlil etmək, risk qrupuna daxil olan yeniyetmə və gənclərlərin bu təsirlərdən qorunması üçün marifləndirmə apararaq yeniyetmə və gənclərimizi bu bəladan qorumaqdır.
Layihənin eksperti Şahin Rəcəbli tədbir iştirakçılarına layihənin məqsəd və vəzifələrindən danışıb: “Müasir dövrün qlobal problemləri sırasında əsas yer tutan bəlalardan biri narkomaniyadır. Narkomaniya hələ ötən əsrlərdə yayılan, coğrafi sərhədləri getdikcə genişlənən təhlükəli bir xəstəlik və cinayətdir”.

Hacıqabul Polis idarəsinin əməkdaşı çıxış edərək məlumat verib ki‚ bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır: “Narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verir”.
Hacıqabul rayon Xəstəxanasının həkim psixoloqu çıxış edərək bildirib ki‚ insan amili dövlət siyasətinin əsasını təşkil edir: “Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar”.
Şəhər Təhsil şöbəsinin işçisi çıxış edərək qeyd edib ki‚ məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında geniş fikir mübadiləsi aparılır: “Orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunur, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilir”.
Gənclər idarəsinin mütəxəssisi qeyd edib ki‚ problemin faciəvi tərəfi gənclər və yeniyetmələr arasında narkomaniyaya aludəçilik hallarının yüksələn xətlə artmasıdır: “Hər bir xalqın gənclərinin fiziki və mənəvi sağlamlığı dövlət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da dövlət tərəfindən gənclərə yetərincə qayğı göstərilir, gənc nəslin inkişafı, onların sağlam həyat tərzinin təşkili ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir. Narkotiklərə qoşulmağa başlamış yeniyetmə, öz əqli və idrak bacarıqlarını, maraqlarını itirməklə mənəvi tənəzzül edir. Çünki həmin yeniyetmələrdə müsbət maraqların və meyillərin əvəzinə yaranmış maraqlar bütün mənfi ifadələri ilə onların psixi proseslərini deqradasiyaya uğradır. Hesab edirəm ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür”.
İctimai Birlik layihə ilə bağlı məlumatları aidiyyəti orqanlardan toplayaraq, yerlərdə ailələrlə görüşərək uşaqların psixoloji durumları ilə maraqlanıb‚ narkotik istifadəçilərinin və yoluxanların müayinə və müalicəyə cəlb olunması üçün profilaktik işlər aparıb.
Görüşdə narkotik istifadəçisi olan ailələrdə böyüyən, atılan və ya nəzarətsiz qalmış uşaqların reabilitasiyası ilə əlaqədar müzakirələr edilib. Regionda maarifləndirici təbliğat vasitəsi - buklet yayıb. Layihənin ünvanlandığı əhali qrupu maarifləndirmə görüşü və “Ağ ölümdən qurtulaq” adlı bukletlərdən‚ eləcə də etik davranış qaydaları ilə bağlı əhatə olunmuş yaddaş-vərəqlərdən faydalandılar. Görüşdə Uşaqlarla iş üzrə Polis əməkdaşları Gənclər idarəsindən Təhsil Şöbəsinin Əməkdaşları və KİV, İcra hakimiyyəti nümayəndələri iştirak ediblər.
Pərvanə Fərhadqızı












