BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzini ziyarət edib.

QHT.az xəbər verir ki, xanım Rokkasalvo dəvət və səmimi qəbula görə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudova təşəkkür edib. Görüş zamanı, dəqiq hava və iqlim məlumatlarının müxtəlif sahələr üçün olan əhəmiyyəti vurğulanıb.

BMTİP tərəfindən Yaşıl İqlim Fondunun dəstəyi ilə həyata keçirilən “İqlim dəyişikliyinə milli uyğunlaşma planına dəstək” (NAP) layihəsi məlumat mübadiləsi və idarəetməni təkmilləşdirmək məqsədilə Situasiya Mərkəzini İT avadanlığı ilə təmin edir. Eyni zamanda, NAP layihəsi Milli Hidrometeorologiya Xidmətinin texniki heyəti üçün potensialın gücləndirilməsi üzrə təlimlərin keçirilməsini planlaşdırır. Avadanlığın təqdimatı zamanı, gələcək əməkdaşlıq imkanları, həmçinin erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi və iqlim məlumatlarının ötürülməsinin təkmilləşdirilməsi üzrə potensial layihələr müzakirə edilib.

 

Pərvanə Fərhadqızı