Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar "Böyük İpək Yolu – iqtisadiyyat, mədəniyyət, birlik, sülh yolu" adlı onlayn formatda beynəlxalq konfrans keçiriblər.
QHT.az xəbər verir ki, Beynəlxalq Həmrəylik Qrupunun dəstəyi ilə təşkil olunan tədbirə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Avstraliya, İordaniya, Oman, İngiltərədən millət vəkilləri, alimlər, ictimai xadimlər, diaspor liderləri, müəllimlər, gənclər, xanımlar, jurnalistlər, politoloqlar, araşdırmaçılar, mədəniyyət xadimləri qatılıblar. Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü Beynəlxalq Həmrəylik Qrupunun aktiv iştirakını xüsusi vurğulayaraq, bu formatda keçirilmiş beynəlxalq konfranslardan, onların əhəmiyyətindən, görülən işlərin səmərəliliyindən bəhs edib: “Qalib və qürurlu millətin nümayəndəsi olaraq Azərbaycan, Türk-İslam dünyası və bəşəriyyət üçün önəmli məsələlərin müzakirəsində aktivlik edəcəyik. İpək Yolu yalnız iqtisadi məsələ deyil, həm də mədəniyyət hadisəsidir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Qalib Ağa Böyük İpək Yolunun əhəmiyyətini vurğulayaraq, bu yolu həm də “Turan yolu” adlandırıb. Türk Dünyası Elmi Strateji Araşdırma Mərkəzinin başqanı Məhəmməd Cəbrayılov “Böyük İpək Yolunun geosiyasi əhəmiyyəti: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib, tarixi İpək Yolunun əhəmiyyətindən, onun geosiyasi, geoiqtisadi əhəmiyyətindən söz açıb. Millət vəkili Ceyhun Məmmədov Azərbaycana qarşı beynəlxalq miqyasda mövcud olan ikili standartlardan danışıb: “Orta Dəhlizi, tarixi İpək Yolunu təbliğ etmək, onun əhəmiyyətinə həsr olunan çalışmalar həyata keçirmək çox vacibdir”.
Türkiyənin “İpək Yolu” Tarix, Kültür, Sənət Araşdırmaları Dərnəyinin başqanı, doç. dr. Fahri Atasoy “Qloballaşma dönəmində İpək Yolu üzərində yenidən başlayan kültürəl təsir" mövzusunda çıxış edib, dünya miqyasında gedən proseslərdə mədəniyyətlərin təsirindən bəhs edib. Tarixçi alim Mübariz Ağalarlı “Böyük İpək Yolu dünən və bugün: tarixi aspektdən dəyərləndirmə” mövzusunda çıxış edib, İpək Yolu termininin meydana gəlməsi tarixindən də danışıb. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai birliyinin sədri Fuad Hüseynzadə ermənilərin anti-türk fəaliyyətlərinə, beynəlxalq miqyasda apardıqları qaralama kampaniyasına toxunub. O, buna qarşı mübarizə aparmaq üçün konkret təkliflər səsləndirib.
Sankt-Peterburq-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Xeyransa Mirzəyeva xalqların inkişafında mədəniyyət amilinin əhəmiyyətinə toxunub, yaşadığı şəhərdə bu istiqamətdə erməni yalanlarına qarşı apardıqları mübarizədən bəhs edib. Əməkdar müəllim Aydın Allahverdiyev türk xalqlarının mədəniyyət tarixinin yazılmasının vacibliyindən, bunun türk dünyasının inteqrasiyasında önəmli rol oynaya biləcəyindən bəhs edib. Türkiyənin Nişantaşı Universitetinin müəllimi Fatih Yurttaş İpək Yolunu türk yolu adlandırıb. Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta İpək Yolunun, o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb, Çindən Avropaya uzanan bu yol “Turan yolu” adlandırıb.
Qeyd edək ki, tədbirdə eyni zamanda AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim, dosent Hacı Həsənov, hüquqşünas Fərman Salmanlı, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva, Türkiyənin Antalya şəhərindən ictimai xadim Ceyran Səttarova, Rusiyanın Yaroslavl şəhərindən “Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının sədri Xatirə Qəmbərova, İordaniya üzrə koordinator, diaspora rəhbəri Zümrüd Dadaşova, Rusiyanın Sankt-Peterburq şəhərindən “Çinar” azərbaycanlıların milli-mədəni mərkəzinin sədr müavini Ülviyyə Abbasova, Gürcüstandan Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, Omandan ictimai xadim Emiliya İbrahim, Türkiyənin İstanbul şəhərindən ictimai xadim Əhməd Rza, Moskva vilayəti Ruza rayonunda yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyatının sədri Sahib Musayev, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, kikboksinq üzrə dünya və Avropa çempionu Hafiz Baxşəliyev, Türkiyədən filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı Yurttaş, “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyatov, Sumqayıt Dövlət Universitetinin tələbəsi Əbülfəz Məmmədov də iştirak ediblər.
Pərvanə Fərhadqızı












