Amerikalı alimlər süni intellektdən istifadə etməklə dərmanlara davamlı bakteriyaları məhv edə bilən yeni viruslar hazırlayıblar.

QHT.az xarici mediaya istinadən bildirir ki, Stanford Universitetinin tədqiqatçıları yeni DNA yarada bilən Evo 2 adlı generativ süni intellekt modelindən istifadə edərək bakteriyaları yoluxdurub məhv edən bakteriofaqlar hazırlayıblar.

Laboratoriya sınaqları zamanı süni intellekt tərəfindən dizayn edilən 16 virusdan ibarət qarışığın antibiotiklərə və təbii bakteriofaqlara qarşı müqavimət qazanmış E. coli bakteriyalarını sürətlə məhv etdiyi müəyyənləşdirilib.

Alimlərin sözlərinə görə, bu yanaşma antibiotiklərə davamlı “super mikroblarla” mübarizədə yeni müalicə üsullarının hazırlanmasına yol aça bilər.

Tədqiqatın həmmüəllifi, Stanford Universitetinin kimya mühəndisi Brian Hie bildirib ki, bakteriyalar tək bir faja qarşı müqavimət qazandıqda həmin müalicə effektivliyini itirir. Lakin genetik baxımdan fərqli bir neçə fajın birlikdə istifadə edilməsi bakteriyaların bütün “kokteylə” qarşı müqavimət formalaşdırmasını xeyli çətinləşdirir.

Qeyd edək ki, antibiotiklərə davamlılıq dünyada getdikcə ciddi problemə çevrilir. E. coli də insanlarda müxtəlif infeksiyalara səbəb ola bilən və bəzi antibiotiklərə qarşı davamlılığı artan bakteriyalardandır.