Ərzaq bazarında qiymət dəyişiklikləri davam edir.

QHT.AZ  Ictimai TV -yə istinadən xəbər verir ki, söhbət xüsusilə mal ətindən gedir. Belə ki, paytaxt bazarlarında məhsulun qiymətində artım qeydə alınıb. Alıcılar bahalaşmanı son günlər hiss etdiklərini deyirlər. Satıcılar isə qiymət artımının daha uzun müddət ərzində formalaşdığını bildirirlər. İqtisadçılar bahalaşmanın səbəblərini həm artan tələbat, həm də heyvandarlıq sahəsində baş verən dəyişikliklərlə izah edirlər.

Paytaxt bazarlarında mal əti bahalaşıb. Alıcıların sözlərinə görə, son iki gündə qiymət bir manat artıb.

Alıcı: Mal ətini əvvəllər 17–17 manat 50 qəpiyə alırdıq. İndi isə qiyməti 18 manat 50 qəpik olub. Quzu ətini də 21–22 manata alırdıq, indi isə 23 manatdır.

Jurnalist: Mal ətinin ən çox hansı hissəsini alırsınız?

Alıcı: Ən çox dananın qol hissəsindən alırıq. Quzunun isə ara qabırğalarını, kabablıq hissəsini götürürük.

Jurnalist: Deməli, qiymətlərdə artım müşahidə edirsiniz?

Alıcı: Bəli. Əvvəllər 17 manata alırdıq, indi isə 18–18 manat 50 qəpiyə satılır. Quzu əti də 21 manat idisə, indi 22–23 manat olub. Bahalaşma var. Sümüklü və sümüksüz ətin hər ikisində qiymət artımı müşahidə olunur. Amma əsasən sümüklü ət daha yaxşı və dadlı olur.

Satıcılar bildirirlər ki, qiymət dəyişikliyi son iki gündə baş verməyib, son iki-üç ay ərzində formalaşıb. Onların sözlərinə görə, diri iribuynuzlu heyvanların alış qiyməti artdığı üçün ətin satış qiymətini də yüksəltməli olublar.

Satıcı: Bu, heyvanların qiymətinin artması ilə əlaqədardır. Yem və ot bahalaşdığına görə heyvanların da qiyməti artır. Əvvəllər diri heyvanın bir kiloqramını 6 manata alırdıq, indi isə 6 manat 50 qəpiyə alırıq. Quzunu əvvəllər diri çəkidə 9–10 manata alırdıq, indi isə qiymət 10–11 manatdır. Hazırda quzu ətinin qiyməti 22–23 manatdır. Mal əti əvvəllər 17 manat idisə, indi 18–18 manat 50 qəpiyə satılır.

İqtisadçı Xalid Kərimin sözlərinə görə, mal ətinin bahalaşmasının əsas səbəbləri saxlanılan heyvanların sayının azalması və tələbatın artmasıdır.

Xalid Kərim: Bu, əhalinin ətə tələbatının 25 faizədək artdığı bir şəraitdə baş verir. Kəsilən heyvanların statistik göstəricilərinə nəzər saldıqda görürük ki, son on ildə 25 faizlik artım qeydə alınıb. İnsanların heyvandarlıqla əvvəlki səviyyədə məşğul olmamasının da müəyyən səbəbləri var. Bunlara boş otlaq sahələrinin azalması və heyvan saxlamağın bahalı prosesə çevrilməsi daxildir.

Ekspert bildirir ki, nəticə etibarilə bazarda qiymətlərin formalaşmasına həm təklif, həm də tələbat təsir göstərir.