Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana işgüzar səfəri Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində siyasi, iqtisadi, nəqliyyat və humanitar əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni imkanların yaranması gözlənilir.
Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana işgüzar səfərinin iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında son illərdə formalaşmış yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimad münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsinə zəmin yaradıb:
“Prezident İlham Əliyevin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Qırğızıstana işgüzar səfəri Bakı ilə Bişkek arasında dinamik inkişaf edən münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm siyasi hadisədir. Bu səfər həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır”.
Əhməd Abbasbəyli qeyd edib ki, Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində də fəal əməkdaşlıq edən iki qardaş ölkədir. Onun fikrincə, tərəflərin beynəlxalq və regional platformalarda bir-birini dəstəkləməsi türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi və nəqliyyat-logistika əməkdaşlığı üçün də əlverişli zəmin formalaşdırır. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycan və Qırğızıstan üçün böyük perspektivlər vəd edir. Qırğızıstanın Mərkəzi Asiyadan Avropa bazarlarına çıxışında Azərbaycanın nəqliyyat və logistika imkanlarından istifadə etməsi iki ölkənin iqtisadi əlaqələrinə ciddi töhfə verə bilər”, – deyə Mərkəz sədri vurğulayıb.
Ekspert bildirib ki, investisiya əməkdaşlığının genişləndirilməsi də səfərin mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, Azərbaycan-Qırğız İnvestisiya Fondunun imkanlarının artırılması kənd təsərrüfatı, sənaye, enerji və digər sahələrdə birgə layihələrin reallaşdırılmasına şərait yarada bilər.
Əhməd Abbasbəyli mədəni-humanitar əlaqələrin də iki ölkə arasında münasibətlərin mühüm dayaqlarından biri olduğunu diqqətə çatdırıb:
“Azərbaycan və Qırğızıstanı yalnız siyasi və iqtisadi maraqlar deyil, ortaq tarixi, milli-mənəvi və mədəni dəyərlər də birləşdirir. Təhsil, mədəniyyət, humanitar sahələrdə həyata keçirilən birgə layihələr xalqlarımız arasında münasibətləri daha da möhkəmləndirir. Bu baxımdan Prezident İlham Əliyevin səfəri iki ölkə arasında mövcud qardaşlıq münasibətlərinin praktiki əməkdaşlıqla daha da zənginləşdirilməsinə xidmət edir”.
Mərkəz sədrinin fikrincə, Bakı-Bişkek münasibətlərinin inkişafı yalnız Azərbaycan və Qırğızıstan üçün deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.












