Ermənistanın mina terrorunun daha bir məsum qurbanı - 12 yaşlı Hüseyn
1991-ci ildən bu günədək Ermənistanın mina terrorunun qurbanlarının ümumi sayı 3500 nəfəri ötüb. Onların arasında olan 362 uşaqdan biri də 12 yaşlı Hüseynov Hüseyn Razi oğludur...
2021-ci il martın 16-da saat 16 radələrində 6 mülki şəxsin Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisində olarkən piyada əleyhinə minaya düşməsi xəbəri gəldi.
Məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu - 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynzadə Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu da minaya düşüb.
Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlunun qeyd edilən ərazidə minaya düşmələri nəticəsində çoxsaylı ağır dərəcəli bədən xəsarətləri alıblar. Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlunun aldığı xəsarətlərdən həlak olublar, azyaşlı Hüseynzadə Hüseyn Razi oğlu isə terrorun mənəvi qurbanına çevrilib.
Beş il öncə həmin müdhiş hadisənin şahidi olan Hüseyn artıq illərdir nevroloji, psixoloji travma ilə yaşayır. Bu vəziyyət onu daimi stres, qorxu, yuxusuzluq və miqren kimi fiziki simptomlarla əhatələyib. Babası, atası, iki əmisinin gözünün önündə minaya düşməsi, atası və əmilərindən birinin həlak olması hadisəsi 12 yaşlı Hüseynə ömürlük zərbə vurub. Hüseyn o hadisəni yaxşı xatırlasa da danışmaqda çətinlik çəkirdi. Anası Məlahət xanım deyir ki, indinin özündə də Hüseyn həkimlərin nəzarəti altındadır - nevroloq, psixoloq, loqoped, kardioloq...
Məlahət xanım deyir ki, həmin hadisə baş verəndə Hüseyn atasının qucağında olub: "Minaya düşən birinci Hüseynin əmisi Bayram olub, Hüseynin atası ona köməyə gəlmək istəyəndə o da minaya düşüb, aralarında bir metr məsafə olub. Hüseyn onlardan bir az yuxarıda olub, atası və əmisi xəndəkdə basdırılan minaya düşüblər. Hüseyn bu zaman atasının qucağına atılıb, atası belinin kəmərini çıxarıb ayağına bağlayıb, gödəkçəsinin də atıb ayaqlarının üstünə ki, Hüseyn axan qanı görüb qorxmasın. Atası hay salıb ki, Hüseyni tez buradan uzaqlaşdırın. Mənə nə olursa, olsun, Hüseynə heç nə olmasın. Babası gəlib Hüseyni onun qucağından götürəndən sonra atasının altında olan mina yenidən partlayıb və elə oradaca həlak olub. Hüseynov Anar və Akif də ona köməyə gələn zaman xəsarət alıblar. Hüseyn deyir ki, mən atamın qucağında olanda o sağ idi, altındakı minanın partlaması onun ölümünə səbəb olub".
Anası Məlahət xanım onu da vurğuladı ki, həmin hadisədə Hüseynə ancaq qəlpələr dəyib, bir də atasının ayaqlarından axan qan paltarına düşmüşdü. Hüseyn çox ağır stress keçirtdiyi üçün indinin özündə də kənardan bir səs eşidəndə dik atılr".
Hüseynin arzusu FHN-in əməkdaşı olmaqdır. Deyir ki, dara düşən hər kəsə kömək etmək istəyir. Məktəbə gedir, dərslərindən qalmır, ancaq sinif yoldaşları ilə əvvəlki kimi ünsiyyət qurmaqda çətinlik çəkir. Həmin müdhiş hadisənin təsiri ona çox əziyyət verir. Əsəb, stress və qorxu... Bunların onu nə vaxt tərk edəcəyi bilinməsə də daha çox futbolu sevən və boş vaxtlarında həmyaşıdları ilə futbol oynayan balaca Hüseyn həyata pozitiv baxır, özünə inamını itirməyib. Yeddi yaşlı bir uşağın gözləri qarşısında atasının, əmisinin minaya düşüb, param-parça, həlak olması böyük dəhşətdir. 12 yaşlı Hüseyn ömür boyu bu dəhşəti yaşamaq məcburiyyətində qalacaq...
Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru daha bir məsum balamızın həyatını darmadağın etdi, onun həyatına ağır iz saldı. Heç bir uşaq müharibənin izlərini öz taleyində daşımamalıdır. Təəssüf ki, müdhiş hadisənin verdiyi qorxu, stress, əsəb məsum Hüseynə ömrünün sonuna kimi yoldaşlıq edəcək...
Minalar təkçə torpağı deyil, insanların ümidlərini də yaralayır. Ən acısı isə günahsız uşaqların bu təhlükənin qurbanına çevrilməsidir. Hər bir mina partlayışı bizə xatırladır ki, təhlükəli ərazilərə daxil olmamaq, xəbərdarlıq nişanlarına əməl etmək və maariflənmək həyati əhəmiyyət daşıyır. Təhlükəsizlik hər kəsin məsuliyyətidir və hər bir xilas edilmiş həyat gələcəyə verilmiş ən böyük töhvədir.
Cavid Şahverdiyev
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin həyata keçirdiyi “Mina terrorunun məsum qurbanlarının həyat hekayələri” layihəsi çərçivəsində hazırlanıb. Yazıda qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.












