Bəxti, taleyi üzünə gülmədi, 18 yaşında ürəksızladan bir həyat hekayəsini yazmağa başladı. Həmin müdhiş hadisə onun arzularını ürəyində qoydu, tale bütün qapıları üzünə bağladı...

Bağırov Elmir Elnur oğlu - 2006-cı il iyulun 6-da Tərtər rayonunda anadan olub. 2012-ci ildə həmin rayonun Sarov kəndində, şəhid Rövşən Kərimov adına orta məktəbdə oxuyub.

Kasıb, zəhmətkeş ailədə böyüyən Elmir hələ 8 yaşından fəhləlik edərək valideynlərinə dəstək olub.

Onun taleyini qələmə almaq üçün Tərtər rayonunun, Sarov kəndində yaşayan Bağırovlar ailəsinin qonağı olduq. Gəlişimiz onun doğum günü ərəfəsinə düşdü. Əlil arabasına möhtac olsa da, 20 yaşında bir gəncin ürəyi həyat eşqi ilə doluydu. Gələcək həyatına nikbin baxırdı. Onunla çox həmsöhbət olmadıq, çünki səhhəti imkan vermirdi. Amma başına gələn hadisəni bizə danışa bildi.

Dediyinə görə, Suqovşan ərazisində minaya düşüb, hər iki ayağı amputasiya olunub. Hərbi xidmətə çağrılmağına üç ay qalmış.

Anası Aynurə xanımın dediklərindən:

"Bir oğlum, bir qızım var. Elmir çox ağıllı, sakit, dərslərində davamiyyətli, sözəbaxan və hər kəsə kömək etməkdən qürur duyan bir uşaq olub. Yerini bilən böyüklə böyük, kiçiklə kiçik kimi davranıb. Həyatda arzusu hərbi xidmətini başa vurub orada qalıb işləmək idi. Deyirdi ki, ana, xidmətimi başa vurduqdan sonra gəlib sizinlə sağollaşıb, qayıdıb orada işləyib, pul yığacam. Gəlib ya həyətimizdə bir ev tikəcəm, ya da kənardan ev alıb hamımız ora köçərik. Təəssüf ki, əsgərliyə üç ay qalmış, 2024-cü il, aprelin 2-də Suqovşan ərazisində minanın qurbanına çevrildi, iki ayağı kimi arzuları da kəsildi".

Hərdən Elmir də söhbətə qoşulurdu. Ondan hadisənin necə baş verdiyini xatırlamağı xahiş etdik:

"Anam dediyi kimi fəhləlik edib ailəmə çörək pulu gətirərdim. Adəti üzrə işə çıxmışdım, səngərin kənarında otluq ərazidən keçərkən bir anda ayaqlarımın yerdən üzüldüyünü, göy üzünə qalxıb yerə çırpıldığımı hiss etdim.. " .

Elmirin həyacanlandığını görən Aynurə xanım davam edir:

"Mina otların arasında basdırıldığından görməyib. Minaya günorta saat 1 radələrində düşüb, 3 saatdan çox köməksiz vəziyyətdə qalıb, özündə güc tapıb sürünüb kənara çıxa bilib. Əməliyyatdan sonra Elmir bizə danışdı ki, özümə gələndə kənardan eşitdim ki, kimsə deyir ayağını itirib, biri də deyir ki, tikə-tikə olub. Onun dediyinə görə bir ayağı yanıb qaralmışdı, o biri ayağı isə dizdən aşağı yoxuydu. Amma hadisə isti-isti baş verdiyindən qanaxma güclü deyildi. Deyir, ana, həm an sən gözüm önünə gəldin, sanki mənə təsəlli verirdin, deyirdin ki, qorxma dur ayağa. Sənin sözlərinə səngərin kənarlarında qoyulan boş yanacaq bidonlara söykənərək birtəhər qalxıb, sürünə-sürünə səngərin qırağına çıxa bildim".

Aynurə xanım deyir ki, yaxınlıqdan keçən iki oğlan onun köməyinə gəlib, paltarlarını çıxarıb ayaqlarına büküb və təcili tibbi yardıma zəng ediblər. Sonra təcili tibbi yardımı gözləmədən özlərinin balaca maşınlarına uzandırıb təcili Tərtər rayon xəstəxanasına üz tutublar. Xəstəxanaya çatmamış Təcili tibbi yardım maşını onlara çatıb və Elmiri maşına qoyub xəstəxanaya aparıblar.

"Elmirin minaya düşməsi xəbərini alan kimi, dəli oldum, tez özümü xəstəxanaya çatdırdım. Elmir ağır bir vəziyyətdə belə mənə təsəlli verirdi ki, ana, narahat olma mən yaxşıyam. Təki sənə heç nə olmasın, yoxsa mən yaşamaram. Amma oğlum iki ayağı ilə bərabər, bütün arzularını, planlarını, istəklərini itirdi".

Ananın dediyinə görə, Elmirin atası da artıq o müdhiş hadisədən sonra xəstəliyə tutulub, işləyə bilmir, özünün də gözləri tutulub, ürək xəstəsidir: "Maddi vəziyyətimiz çox aşağıdır, yaşadığımız evin də hansı şəraitdə olduğunu görürsüz. Evdə adi bir soyuducu belə yoxdur. Heç olmasa tək otaqlı normal şəraitli bir ev tikilib verilsəydi, mən də rahat olardım. Mülki əlil kimi aldığı pensiya heç siqaret puluna çatmır. Protez düzəldiblər, amma bir ayağı ağrı verdiyindən geyinə bilmir".

Elmir başına gələn bu hadisəni bizə danışmaqla, həm dünya ictimaiyyətinə ermənilərin mina terroru barədə məlumat vermək, həm də gənclərimizə məsuliyyətli olmaq mesajını verdi. O, qeyd etdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Təhlükəsizliyi təmin etmək üçün yalnız müəyyən edilmiş nəqliyyatlarla hərəkət edin. Girişi qadağan olunmuş və ya şübhəli ərazilərə daxil olmayın və naməlum əşyalara toxunmayın: "Mənim taleyimi yaşamaq istəmirsinizsə, bu qaydalara mütləq ki, ciddi riayət etməlisiz".

Yeri gəlmişkən, Elmirin dayısı Əvəz Muradov 26 yaşında Birinci Qarabağ müharibəsində Ağdərədə qəhrəmanlıqla şəhid olub.

Cavid Şahverdiyev

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin həyata keçirdiyi “Mina terrorunun məsum qurbanlarının həyat hekayləri" layihəsi çərçivəsində hazırlanıb. Yazıda qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.