Ermənistanın mina terroru hələ də davam edir. Uzun illər ərzində Azərbaycan ərazilərində basdırdığı piyada və tank əleyhinə genişmiqyaslı minalar, mülki şəxslərin və hərbçilərin ölümünə, həmçinin dəqiq xəritələrin verilməməsinə, bərpa işlərinə əngəl olan davamlı bir təhlükədir.

2020-ci ilin noyabr ayından hazırki vaxtadək, ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub. Onlardan 73 nəfəri həlak olub, 357 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəsarət alanlardan biri də 18 yaşlı Nabat Nuriyevadır.

... Nabat Nuriyeva 23 aprel 2022-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində 12 yaşlı qardaşı Cavad Nuriyevlə birlikdə Mina terrorunun qurbanı olublar. O zaman Nabatın 14 yaşı vardı.

Həmin müdhiş hadisənin şahidi olan Nabat Nuriyeva hazırda Slavyan Universitetinin filologiya fakültəsinin birinci kursunda oxuyur.

Nabatın ailəsinin qonağı olduq və o, bizə hadisəni təfərrüatı ilə bizə danışdı: "Həmin vaxt mən qardaşım Cavaddan bir az aralıda idim, heyvanları qaytarırdım. Cavad onun mina olduğunu bilməyib, sadəcə marağı çəkib. Cavad harada bir dəmir parçası, əşya görürdüsə, onu evə gətirib müxtəlif əşyaların düzəltməsində istifadə edirdi, daha çox mator düzəldirdi. Bunu da dəmir parçası hesab edib, əlinə götürüb. Tank əleyhinə minanın ehtiyat hissəsi olub. Üzərində olan "knopka"nı basan kimi partlayış baş verdi".

Nabat deyir ki, həmin vaxt ətrafda heç kim olmayıb. Səsə geri dönən Nabat qardaşının qan içində gördüyünü deyir: "O zaman qardaşımın barmağının parçalandığını gördüm, üzündən nöqtə - nöqtə qanlar axırdı, bərk qorxdum. Dedim ki, tez evə get, evimiz qoyun otardığımız yerə çox yaxındır. Qaçdı evə sarı, başqa çıxış yolumuz yox idi. Hər ikimiz çox qorxmuşduq, özümüzdə deyildik, yaraların acısını 30 dəqiqə sora hiss etmyə başladıq. Mənim də sağ qoluma arxa hissədə qəlpə batmışdı, bir də barmağımda yüngül yanıq izləri vardı".

Bacı və qardaşı əvvəlcə Qazax Rayon Mərkəzi xəstəxanasına, sonra isə Bakıya aparıblar:

"Müalicə olunsaq da, həmin hadisənin silinməz izləri bizimlə ömrümüzün sonuna kimi yol yoldaşlığı edəcək - stress, qorxu, həyəcan, əsəbilik... Yaralarımızdan başqa bizə psixoloji zərbə dəyib: "Gərginlik içindəyik, hər dəfə o hadisəni xatırlayanda çox pis qorxu hissi keçiririk..."

Bacı və qardaş babanın iki nəvəsidir. Nabatın dediyinə görə, əmisi və bibilərinin övladları yoxdur. Həmin hadisədən sonra babası və nənəsinin də vəziyyəti pisləşib. Ümumiyyətlə, doqquz nəfərlik ailə çox böyük sarsıntı keçirdi...

Nabat sonda qeyd edib ki;

“Mina terrorunun qurbanı olan uşaqların ən böyük haqqı təhlükəsiz yaşamaqdır. Heç bir uşaq torpağın altında ölüm gizləndiyini düşünərək böyüməməlidir. Heç bir ana övladının evə sağ qayıdıb-qayıtmayacağından qorxmamalıdır. Minalar yalnız bir uşağın bədəninə xəsarət yetirmir. O, bir ailənin rahatlığını, bir ananın ümidini, bir atanın sevincini və bir uşağın gələcək arzularını da yaralayır. Minalar müharibənin bitməsindən sonra da insanları təhdid edən görünməz düşmənlərdir. Onların ən ağır zərbəsi isə günahsız insanlara, xüsusilə uşaqlara dəyir.

Odur ki, mina basdıran tərəfin törətdiyi terror və insan hüquqları pozuntularına görə zərərçəkənlərin maddi və mənəvi zərərinə qarşı kompensasiya (təzminat) tələb etmək hüququ tanınır. Beynəlxalq ictimaiyyət Azərbaycandakı mina problemlərinə ciddi yanaşmalı və bu problemin tez zamanda həll olunması üçün Azərbaycana dəstək verilməlidir”.

Mina təhlükəsinin aradan qaldırılması böyük məsuliyyət, vaxt və peşəkarlıq tələb edən prosesdir. Ərazilərin minalardan təmizlənməsi insanların təhlükəsizliyinin təmin olunması, yaşayış məntəqələrinin bərpası və normal həyatın yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Mina terroruna qarşı mübarizə yalnız minaların təmizlənməsi ilə məhdudlaşmamalıdır. Əhalinin maarifləndirilməsi, mina təhlükəsi barədə məlumatlılığın artırılması və təhlükəli ərazilərdən uzaq durma qaydalarının öyrədilməsi də mühüm rol oynayır. Mina təhlükəsindən azad gələcək insanların təhlükəsiz və firavan həyatının əsas şərtlərindən biridir.

Cavid Şahverdiyev

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin həyata keçirdiyi “Mina terrorunun məsum qurbanlarının həyat hekayələri" layihəsi çərçivəsində hazırlanıb. Yazıda qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

https://www.sendgb.com/4XQ7r11bd8r