Azərbaycanda kartdan-karta (“card to card”) əməliyyatlarına tətbiq olunan yeni limitlər ictimai müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edirlər ki, bu qərar əsasən qeyri-rəsmi maliyyə dövriyyəsinin qarşısının alınmasına, nağdsız ödənişlərin şəffaflaşdırılmasına və vergi inzibatçılığının təkmilləşdirilməsinə xidmət edəcək.
İqtisadçı Eyyub Kərimli QHT.az-a açıqlamasında “card to card” əməliyyatlarına tətbiq edilən yeni limitlərin ölkədə nağdsız dövriyyənin şəffaflaşdırılması istiqamətində mühüm addım olduğunu bildirib.
Ekspert qeyd edib ki, ölkədə kartdan-karta həyata keçirilən bəzi ödənişlər rəsmi dövriyyədən kənarda qalır, bu isə vergidən yayınma risklərini artırırdı.
Onun sözlərinə görə, mağaza və digər ticarət obyektlərində POS-terminal əvəzinə birbaşa kartdan-karta ödənişlərin qəbul edilməsi qeyri-rəsmi dövriyyənin formalaşmasına səbəb olurdu. Yeni məhdudiyyətlər isə bu halların qarşısını almağa və ödənişlərin daha şəffaf şəkildə həyata keçirilməsinə imkan verəcək.
Eyyub Kərimli hesab edir ki, müəyyən edilən illik 20 min manatlıq limit və gündəlik beş kartdan-karta əməliyyat məhdudiyyəti sıravi vətəndaşların gündəlik maliyyə əməliyyatlarına ciddi təsir göstərməyəcək. Çünki alış-veriş zamanı POS-terminal və kassa vasitəsilə edilən ödənişlərə hər hansı məhdudiyyət tətbiq olunmur.
İqtisadçı vurğulayıb ki, yeni qərar qeyri-leqal maliyyə dövriyyəsinin qarşısının alınması, vergi inzibatçılığının təkmilləşdirilməsi və büdcə daxilolmalarının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Ekspert əlavə edib ki, bu dəyişiklik istehlakçı hüquqlarının qorunmasına da müsbət təsir göstərəcək. Belə ki, kartdan-karta ödənişlər zamanı əksər hallarda alıcılara qəbz təqdim olunmurdu və bu, sonradan hüquqların müdafiəsini çətinləşdirirdi. POS-terminal və kassa vasitəsilə aparılan ödənişlərin rəsmiləşdirilməsi isə həm qəbzin təqdim olunmasını təmin edəcək, həm də alıcıların hüquqlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradacaq.
Zəhra Ağayeva












