“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov və “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Lənkərana səfər çərçivəsində “Beta Tea Azərbaycan” şirkətinin Lənkəran filialının ofisini və əkin plantasiyalarını ziyarət edib.
QHT.az xəbər verir ki, görüş zamanı “Beta Tea Azərbaycan” şirkətinin rəhbəri Cəlal Uğur və Lənkəran Beta Çay Fabrikinin direktoru Mehmet Sait Gülşen müəssisənin fəaliyyəti, istehsal prosesi, eləcə də əkin sahələrində görülən işlər barədə qonaqlara ətraflı məlumat veriblər.
Şirkət rəhbərliyi bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə özəl sektorun inkişafına göstərilən diqqət və qayğı ölkədə sahibkarlığın genişlənməsinə mühüm imkanlar yaradır. Qeyd olunub ki, şirkət yerli istehsalın artırılması, yeni iş yerlərinin yaradılması və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Akif Kərimov səmimi qarşılanmaya və göstərilən qonaqpərvərliyə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib, müəssisənin gələcək fəaliyyətində uğurlar arzulayıb.












