İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında neft bazarındakı son dəyişiklikləri şərh edib.

Onun sözlərinə görə, neftin qiyməti çox zaman dəyişkənlik göstərir və qısa müddət ərzində eniş və qalxmalar müşahidə olunur. Lakin qiymət artımı sabit və uzunmüddətli xarakter daşıdıqda, bu Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir:

“Neftin bahalaşması büdcə gəlirlərini artırır, ölkənin iqtisadi rifahını yüksəldir, manatın sabitliyinə, ümumi büdcə və investisiya imkanlarına müsbət təsir göstərir. Ötən gün Rusiya neft emalı zavodlarına ciddi zərbə endirilməsinin ölkənin emal imkanlarını 33 faiz azaltdı. Bu cür hallar neft bazarında müəyyən ajiotaj və risklər yaradır”.

Eyyub Kərimli əlavə edib ki, dünya iqtisadiyyatında hazırda ciddi yüksəliş müşahidə olunmasa da, Çin iqtisadiyyatının inkişafı neftə olan tələbatı artırır və bu da bazara təsirsiz ötüşmür.

 

Pərvanə Fərhadqızı