“Vətəndaş cəmiyyəti institutlarının etirazları nəticəsində Berlində keçiriləcək tədbir təxirə salınıb. Erməni mediyası məlumat yayıb ki, kitabın təqdimatı onlayn qaydada olacaq. Dəqiq vaxt bildirilmir. İstənilən halda Almaniya iki təşkilatı - Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondu tədbirin keçirilməsinə təşəbbüs göstərmişdilər”.
Bu sözləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanla Almaniya arasında olan münasibətlər iqtisadi, siyasi və digər müstəvilərdə sürətlə inkişaf edir, onlar arasında etibarlı münasibətlər qurulub: “Bir çox regional layihələrdə bu iki dövlət tərəfdaş kimi çıxış edib. Azərbaycan və Ermənistan arasında bağlanan sülh müqaviləsi danışıqlarında da Almaniya son zamanlar kifayət qədər fəaldır. Bu müsbət haldır. Birdən-birə Almaniyanın bu iki təşkilatının belə çıxışı prosesə xələl gətirən məsələdir. Bu yolverilməz hal idi. Burada kifayət qədər ermənipərəst, qərəzli, həqiqətə söykənməyən bir ideyanın təbliğ olunmasına hesablanmış bir fəaliyyətin həyata keçirilməsi cəhdini gördük. 30 il ərzində torpaqlarımız işğal altında olanda həmin o iki təşkilat bir dəfə də olsun torpaqlarımızım 1/5 –i işğal altında olması ilə bağlı bəyanat verməyiblər. Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən ekosid, genosid, urbasid, kultrasid və insanlığa sığmayan digər cinayətkar hərəkətlərə heç bir reaksiya verməmişdi. Bu gün ərazimizin bütövlüyü təmin olunduğu bir halda belə bir danışıqların aparıldığı bir şəraitdə bu kimi qərəzli tədbirlərin keçirilməsi yolverilməzdir. Haradan qaynaqlanır? Məsələn, Xarici Əlaqələr üzrə Alman Şurası öz nizamnamə məqsədlərinə görə, daha çox xarici siyasət və beynəlxal aktual olan məsələləri müzakirə olunması üçün yaradılmış şuradır. Həmin aktual məsələlərin təhlükəzsizlik və iqtisadi aspektləri ilə əlaqədar mövcud problemlərin aradan qaldırılması üçün elmi yanaşmaların təşviq edilməsi məqsədilə yaradılmış bir şuradır. Burada təhlükəsizlik və iqtisadiyyat paralel getsə də, bu şura daha çox iqtisadiyyat yönümlü qurum qismində çıxış edir. Bu şuranın əsas donorlarından biri Açıq Cəmiyyət İnstitutudur. Bu institut da Ermənistanda “məxməri” inqilabın keçirilməsində birbaşa olaraq rolu olub. İkinci təşkilat Konrad Adenauer adına Fond siyasi, xristian-sosial və liberal dəyərləri özündə birləşdirən təşkilatdır. Burada 3 rəhbər prinsip - azadlıq, həmrəylik, ədalət prinsipi var. Fondun fəaliyyətində xristian həmrəyliyi gözə çarpır. Görünür bu, fondun Xristian-Demokratik İttifaqına yaxın olması ilə bağlı bir məsələdir. Avropada islamafobiya əhval ruhiyyəsi kifayət qədər yüksəkdir. Bu vəziyyət həm də qeyri-xristiyan dövlətlərlə münasibətdə islamafob təşəbbüslərin irəli sürülüməsinə səbəb olur. Ermənistan isə müxtəlif donorların əlaqələrindən istifadə edərək Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatların bu xüsusiyyətindən məharətlə istifadə edir. Amma bunlara baxmayaraq, Azərbaycan öz fəaliyyətlərini davam elətdirməli, bu kimi təşəbbüslərin də qarşısını almalıdır. Azərbaycanın vətəndaş cəmiyyəti institutları bu prosesi daim nəzarətdə saxlamalıdır. Belə təşəbbüslərin də qarşısını almaq üçün öz həmrəyliyini ortaya qoymalıdır. Danılmaz bir faktdır ki, enerji böhranı ilə üz-üzə qalan Avropa üçün Azərbaycanın bu sahədə həyata keçirdiyi və birbaşa iştirak etdiyi regional layihələrinə ciddi ehtiyacı var. Bu gün Azərbaycan Avropa ölkələri üşün hava, su kimi lazımdır”.
Sonda QHT sədri bildirib ki, Azərbaycanın öz fəaliyyətlərinə davam etməsi və bu kimi təşkilatların fəaliyyətini nəzarət altında saxlamaq vacibdir: “Bu cür təşkilatların fəaliyyəti ölkəmizin beynəlxalq imicinə zərər gətirə bilər. Bu səbəbdən ölkəmizin vətəndaş cəmiyyəti bu məsələləri diqqət mərkəzində saxlamalıdır”.
Pərvanə Fərhadqızı












