Maarif Evində “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda gənclərlə dəyirmi masa keçirilmişdir. Görüş çərçivəsində “Ailədə zorakılıq riskləri və mediasiya müdaxiləsi” mövzusu da geniş şəkildə müzakirə olunub.
QHT.az xəbər verir ki, tədbirdə Gəncə 1 saylı Mediasiya Təşkilatının əməkdaşları da iştirak edərək müzakirələrə öz töhfələrini veriblər.
Gəncə 1 saylı Mediasiya Təşkilatının direktoru Südabə Məmmədova ailədə zorakılıq risklərinin erkən tanınması, mediasiya müdaxiləsinin imkanları və münaqişələrin dinc yolla həllinin əhəmiyyəti barədə çıxış edib.
Mediator Kübra Ələkbərova isə ailədaxili mübahisələrin eskalasiya mərhələləri, zorakılığa aparan risk faktorları və zərərçəkənlərin müdafiə mexanizmləri barədə danışaraq gənclərin maariflənməsinə mühüm töhfə verib.
Görüş interaktiv şəkildə davam etmiş suallar cavablandırılaraq mövzu üzrə praktiki yanaşmalar müzakirə olunmuşdur.












