Yeni Klinikada açılışı keçirilən Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin fəaliyyəti ilə bağlı brifinq təşkil olunub.
QHT.az verir ki, bu barədə məlumatı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, tədbirdə media nümayəndələri, TƏBİB rəhbərliyi və Klinikanın mütəxəssisləri iştirak ediblər:
"TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, hər iki mərkəz Azərbaycan səhiyyəsində transformasiya mərhələsinin əsas layihələrindəndir. Yeni Robotik Reabilitasiya Mərkəzi xəstələrin funksional müstəqilliyinin artırılması və reabilitasiyanın vahid protokollar əsasında aparılması ilə bağlı yeni model təqdim edir. Sümük İliyi Transplantasiyası Mərkəzi isə ildə 150–200 pasiyentin ehtiyac duyduğu transplantasiya xidmətlərinin ölkə daxilində müasir səviyyədə həyata keçirilməsinə imkan yaradacaq. Burada həm autoloji, həm də allogen transplantasiyalar beynəlxalq standartlara uyğun aparılacaq. Mərkəz rəhbərləri yeni reabilitasiya texnologiyaları, multidissiplinar komanda işi və beynəlxalq elmi əməkdaşlıq imkanları barədə məlumat veriblər".












