İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı davam edir. Artıq yüzlərlə ailə Ağdama köçürülərək burada yeni həyat qurmağa başlayıb.

Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Hafiz Səfixanov QHT.az-a açıqlamasında deyib.

H.Səfixanov bildirib ki, bu gün Ağdam şəhərinə 117 ailə, ümumilikdə 362 nəfər köçürülüb:

“Beləliklə, 1 sentyabr 2026-cı il tarixində həyata keçirilən köç də nəzərə alınmaqla, Ağdam şəhərinə ümumilikdə 931 ailənin – 3 363 nəfərin köçürülməsi təmin edilib. Bu, Böyük Qayıdış prosesinin uğurla və mərhələli şəkildə davam etdiyini göstərir”.

İctimai Şuranın üzvü qeyd edib ki, püşkatma proseslərində Ağdama köçən vətəndaşların sevincinin şahidi olub:

“Mən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü olaraq keçirilən püşkatma prosesləri zamanı Ağdama köçən vətəndaşlarımızın böyük sevinc hissini daim görmüşəm. İnsanların illər sonra doğma şəhərlərinə qayıtması, burada mənzillərlə təmin olunması və yeni həyata başlaması olduqca qürurverici hadisədir”.

H.Səfixanov Ağdamda aparılan genişmiqyaslı quruculuq işlərinin də diqqət çəkdiyini vurğulayıb:

“Mina problemləri ilə məşğul olan QHT sədri kimi işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda demək olar ki, hər ay oluram. Burada həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərini və müasir şəhərin yaradılması prosesini yaxından müşahidə edirəm. Ağdamda yeni yaşayış məhəllələri, müasir infrastruktur və sosial obyektlər yaradılır. Ağdam Sənaye Parkının artıq istifadəyə verilməsi isə şəhərin gələcəkdə mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsi baxımından əhəmiyyətlidir”.

QHT sədri bildirib ki, Ağdamda yaradılan yeni imkanlar sakinlərin təhlükəsiz və rahat şəraitdə yaşaması ilə yanaşı, şəhərin iqtisadi potensialının bərpasına da mühüm töhfə verəcək:

“Bu gün Ağdamın siması sürətlə dəyişir. Quruculuq işləri, müasir infrastrukturun yaradılması və yeni iş imkanlarının formalaşdırılması şəhərin yenidən mühüm yaşayış və iqtisadi mərkəzə çevrilməsinə zəmin yaradır. Ən əsası isə illərlə doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıtmasıdır”.