Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri və Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Müqamət Əliyev (Muğan) ölkədə narkomaniya və İİV-lə bağlı vəziyyət haqqında QHT.az-a açıqlama verib.

Onun sözlərinə görə, ötən il tibb müəssisələrində 2 492 nəfər toksikomaniya, 7 738 nəfər isə narkotiklərin epizodik istifadəsinə görə qeydiyyata alınıb:

"2024-cü ildə alkoqolizm və alkoqol psixozu ilə bağlı müraciət edənlərin sayı isə 9 578 nəfər təşkil edib. Dünyada İİV-ə yoluxanların kumulyativ sayı 79,3 milyon, hazırda İİV-lə yaşayanların sayı 37,7 milyon nəfərdir. Azərbaycanda isə 1987-ci ildən bu günədək 8 202 nəfər İİV-lə yaşayan şəxs rəsmi qeydiyyata düşüb. Onların 69,6%-i kişi, 30,4%-i isə qadındır. Ölkədə İİV-lə yaşayanların 74%-i öz statusunu bilir, onların 87,8%-i antiretrovirus terapiyaya (ART) cəlb olunub, müalicə alanların 86%-ində virus yükü təyin olunmur".

Profilaktikanın vacibliyinə diqqət çəkən Müqamət Əliyev qeyd edib ki, riskli davranışlardan uzaq durmaq, gigiyenik qaydalara əməl etmək və maariflənmək infeksiyanın qarşısını almağın əsas yoludur. O həmçinin Prezident İlham Əliyevin gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi ilə bağlı verdiyi tapşırıqları, narkomaniya və QİÇS-lə mübarizə üzrə dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.

Sədr QHT Dövlət Dəstəyi Agentliyinin, Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihələri, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil olunan velo yürüşləri xüsusi qeyd edib. 30 noyabr 2025-ci ildə keçirilən marafonda təşkilat üzvlərinin iştirak etdiyini bildirib və tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.

Qeyd edək ki, 1 dekabr Ümumdünya QiÇS-lə Mübarizə günüdür.

 

Pərvanə Fərhadqızı