Mütəxəssislər yeni davamlı virusun yaratdığı təhlükənin olduğuna inanırlar.

QHT.az xəbər verir ki, İngiltərənin Kembric Universitetinin yeni araşdırması göstərib ki, insanlarda qızdırmanın yaratdığı yüksək temperatur quş qripinin qarşısını almaqda təsirli deyil. Adi qrip virusları qızdırma zamanı çoxalmada çətinlik çəksə də, quş qripi 40–42°C temperaturda inkişaf etdiyi üçün bu müdafiə mexanizminə davamlı qalır. Siçanlar üzərində aparılan təcrübələr də quş qripinin yüksək hərarətə baxmayaraq sürətlə çoxaldığını və ağır xəstəliklərə səbəb olduğunu təsdiqləyib.

Alimlər xəbərdarlıq edirlər ki, quş qripinin insanlar arasında yayılması halında qızdırma gözlənilən qoruyucu effekti verməyə bilər. Bu nəticələr quş qripinin potensial pandemiya təhlükəsini daha ciddi şəkildə qiymətləndirməyə ehtiyac olduğunu göstərir.

 

R.İmanov