Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin müəllifi olduğu nəşr dekabrın 16-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında (MAA) təqdim olunub.

QHT.az xəbər verir ki, “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı oxuculara müstəqil dövlətçilik ideyalarının formalaşması, Azərbaycanın suverenlik yolunda keçdiyi mərhələlər və qazanılan Zəfərin hüquqi-siyasi təməlləri barədə geniş elmi-nəzəri biliklərin verildiyi fundamental tədqiqat əsəridir.

Kitabda Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirdiyi siyasi iradə, diplomatik çeviklik və Ali Baş Komandan kimi qətiyyəti dünya tarixinin müxtəlif liderləri, onların fəlsəfi və siyasi fikirləri ilə müqayisəli şəkildə şərh edilir. Bu yanaşma Zəfərin əldə edilməsinin təsadüfi deyil, uzun illər ərzində ardıcıl şəkildə yürüdülən dövlətçilik xəttinin, hüquqi əsaslandırılmış mövqenin və xalq–ordu–dövlət birliyinin məntiqi nəticəsi olduğunu elmi və analitik şəkildə əsaslandırır.

Tədbirdə MAA-nın 162 tələbə və müəllim heyəti iştirak edib.