“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il vətəndaş cəmiyyəti üçün olduqca yadda qalan və əlamətdar bir il kimi qiymətləndirilir.
Onun sözlərinə görə, il ərzində Qlobal Cənub Platformasının yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Forumunun keçirilməsi kimi mühüm tədbirlər reallaşdırılıb:
"Bu il vətəndaş cəmiyyəti üçün çox şəffaf, gözəl və münbit bir mühit yaradıldı ki, QHT-lər sağlam rəqabət aparsın, inkişaf etsin. Xankəndində isə bu ilin kulminasiya nöqtəsi hesab etdiyim altıncı mübadilə proqramı keçirildi. Üç yüzdən çox QHT-nin iştirakı ilə Xankəndinə səfər təşkil olundu və möhtəşəm bir tədbir baş tutdu. Üç günlük təlimlərin sonunda geniş bir forum keçirildi".
Zülfiyyə Nuriyeva bildirib ki, uğurlu layihələr, beynəlxalq təmsilçilik və QHT-lərin beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsi 2025-ci ilin vətəndaş cəmiyyəti üçün çox məhsuldar və pozitiv bir il olduğunu sübut edir:
"Təşkilat olaraq isə biz uzun illərdir həyata keçirdiyimiz fəaliyyət istiqamətlərini bu il də davam etdirdik. Sahibkarlar üçün həyata keçirilən müxtəlif layihələr çərçivəsində Abşeron rayonunda böyük bir forum təşkil etdik və bunu gələcəkdə digər rayonlarda da ənənə halına salmağı planlaşdırırıq. Sahibkarlar arasında əməkdaşlığın qurulması, tərəfdaşlığın gücləndirilməsi, onların bir-birinə töhfə verməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərir və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir".
Pərvanə Fərhadqızı












