"Bu gün İranda gedən proseslər təkcə bizim ölkənin iqtisadi əlaqələrinə deyil, həm də regiona ciddi təsirlər göstərəcək. Bizim İranla ciddi əlaqələrimiz var, həmçinin logistika sahəsində də əlaqələr mövcuddur. Bilirsiniz ki, Naxçıvan üzərindən nəqliyyat İran ərazisindən keçir. Tək Naxçıvan deyil, oradan həmçinin Türkiyə ilə əlaqələr də həyata keçirilir. Hazırda Türkiyədə olan ticarət əlaqələrimizə də mənfi təsir göstərə bilər, çünki bəzi hallarda mallar avtomobillə İran ərazisindən keçərək daxil olurdu".
Bu fikirləri İqtisadçı və İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a bildirib. Onun sözlərinə görə, gələcəkdə İran neftinin dünya bazarına daxil olması neftin qiymətinin ucuzlaşmasına səbəb ola bilər ki, bu da qlobal təsirə malikdir. Bu gün İranda baş vermiş münaqişələr və qeyri-sabitlik İran-Azərbaycan ticarət dövriyyəsinə də mənfi təsir göstərə bilər. Sərhədlər bağlana bilər. Bəzi ərzaq məhsulları İrandan idxal olunurdu, bu isə müəyyən qiymət artımına səbəb ola bilər. Digər tərəfdən, İrandan təkcə dərman deyil, həm də kənd təsərrüfatı dərmanları və digər məhsullar idxal olunurdu:
"2025-ci ildə İran və Azərbaycan arasında təxminən 600 milyon dollar ticarət dövriyyəsi baş vermişdi ki, bunun daha böyük hissəsi İrandan idxal olunmuş məhsullardan ibarət idi: ərzaq, tikinti materialları, kənd təsərrüfatı məhsulları, farmasevtik vasitələr. Əlbəttə ki, bəzi hallarda bu münaqişə dövriyyənin dayanmasına səbəb ola bilər ki, bu da İran məhsullarının ölkədə qiymətinin artmasına və digər təsirlərinə gətirib çıxara bilər".
Pərvanə Fərhadqızı












